Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi son genişmiqyaslı təxribatlar bu ölkə ilə Azərbaycan arasında sərhədlərin müəyyən edilməsinin zəruriliyini bir daha ortaya qoydu. Eyni zamanda təsdiq edildi ki, sərhədlərin müəyyən edilməsi üçün Azərbaycanın postmüharibə dövründə etdiyi çağırışları qulaqardına vurmaq yalnız Ermənistanın özünə zərər vurur.
Təbii ki, baş verənlərin bütün məsuliyyəti, ilk növbədə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Çünki Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasını və onun əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərini kobud şəkildə pozub. Düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib və layiqli cavabını alıb. Belə ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat onun özü üçün ağır nəticələrə səbəb olub. İk növbədə o baxımdan ki, Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Bu obyektləri bərpa etmək üçün Ermınistana ən azı 4-5 il vaxt lazımdır. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollardan artıq dəyəri olan iki S-300 raket kompleksi, 200 nəfərə yaxın canlı qüvvəsi, çox sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistan hərbçiləri arasında yüzlərlə yaralı var. Yəni Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Ordumuz məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat bu gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Bunlar fonunda Ermənistanın hərbi dəstək üçün KTMT və Rusiyaya müraciət etməsi, eləcə də digər dövlətlərin rəhbərlərinə zəng etməsi hüquqi baxımdan qanunaziddir. İlk növbədə, ona görə ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası həyata keçirilməyib və baş vermiş hadisə sərhədyanı hərbi insidentdir. Elə Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da məsələyə bu prizmadan yanaşır. Onun sözlərinə görə, burada söhbət lokal sərhəd insidentindən gedir: “Üstəlik, Azərbaycan və Ermənistan arasındakı sərhəd delimitasiya olunmayıb. Ona görə də, “de fakto” tərəflərin təmas xətti mövcuddur”. Rusiyalı ekspert qeyd edib ki, silahlı insidentin mənbəyi Ermənistan tərəfidir və onun silahlı təxribatıdır: “Azərbaycanın hərəkətləri isə cavab və məcburi xarakter daşıyır, “özünümüdafiə” kateqoriyasına daxildir. Azərbaycan işğaldan azad edilmiş ərazilərinin dinc yolla bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il bundan qabaq nə vəziyyətdə idisə, indi də həmin vəziyyətdədir - revanşizm, təhdidlər və təxribatlar”. Korotçenkonun sözlərinə görə, Moskva və KTMT vəziyyətin nizamlanması üçün siyasi-diplomatik metodlardan istifadə edir.
Real vəziyyət budur ki, Vətən müharibəsinin başa çatmasından xeyli müddət keçməsinə baxmayaraq, Ermənistan Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası, iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı təklifinə hələ də müsbət cavab verməyib. Əksinə, Ermənistan əvvəlki kimi sərhədyanı ərazilərdə vəziyyətin gərginləşdirilməsi istiqamətində təxribatçı fəaliyyət həyata keçirməklə məşğuldur. Sərhəd təxribatlarına Azərbaycanın qətiyyətli cavabı bir daha sübut edir ki, Ermənistanda istənilən revanşizm cəhdləri tam iflasa məhkumdur. Belə təxribatlar davam etdikcə Ermənistanın itkiləri də artacaq. Sərhəddə insidentlərə son qoyulması üçün Ermənistan dərhal Azərbaycanın təklifini qəbul edib delimitasiya və demarkasiya işlərinə başlamalıdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi qəbul etməlidir ki, iki ölkənin dövlət sərhədinin müəyyən edilməsi, ərazi bütövlüklərinin qarşılıqlı olaraq tanınması istənilən toqquşma və insidentin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən İrəvan dərhal Bakının təkliflərini qəbul edib sərhədlərinin müəyyən edilməsi üçün delimitasiya və demarkasiya prosesinə başlamalıdır. Sərhədlərin müəyyən edilməsinin Ermənistan üçün təhlükəsizliklə yanaşı, digər mühüm üstünlükləri də var. Bu gün Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmağın, maddi vəziyyətin yaxşılaşdırılmasının yeganə yolu Azərbaycan başda olmaqla qonşularının ərazi bütövlüyünü tanımaq, onlara qarşı ərazi iddialarından əl çəkməkdir. Yalnız bu halda regionda Ermənistanın da inkişafını təmin edə biləcək yeni əməkdaşlıq əlaqələrinin qurulması mümkün ola bilər. Bununla sərhədyanı ərazilərdəki münaqişələrə də birdəfəlik son qoyulması, istənilən potensial hərbi qarşıdurma riskinin aradan qaldırılması, müharibə səhifəsinin birdəfəlik bağlanması mümkündür.
Tahir TAĞIYEV