Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib ki, Azərbaycanın artıq Qarabağ məsələsini Ermənistanla daha müzakirə etmək istəmir: “Bakı Qarabağ münaqişəsini həll edilmiş sayır və ya ən uzağı, öz daxili məsələsi hesab edir”.
O bildirib ki, rəsmi Bakı Ermənistanın Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul etməsini gözləyir. Paşinyan qeyd edib ki, Azərbaycan delimitasiya və demarkasiya prosesi kontekstində Ermənistana qeyri-qanuni olaraq verilmiş müəyyən ərazilərlə bağlı məsələ qaldırmağa hazırlaşır:
“Bəzən onlar Nüvədi kəndindən başlayır, Zəngəzur vilayətindən, Qafandan danışır və İrəvanda bitirirlər. Əgər bütün bunlar sadəcə bəyanat olsaydı, ümumiyyətlə, danışmağa ehtiyac olmazdı. Amma bütün faktlar, o cümlədən diplomatik müzakirələr göstərir ki, bu, Azərbaycanın ardıcıl siyasətidir”.
Paşinyanın bu yalanları danışmaqda başlıca məqsədi sülh prosesindən yayınmaq ola bilərmi?
Qeyd edək ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da, qarşı tərəf hələ də adekvat addımlar atmır. Əksinə, görünən budur ki, erməni tərəfi hələ də reallığı tam dərk edə bilmir, danışıqlarda dediklərini, razıllıqlarını sonradan danır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda erməni icmasının təmsilçiləri ilə görüşündə bir daha nümayiş etdirdi.
O, Azərbaycan prezidenti İlham Əliyevlə 31 avqust Brüssel görüşü haqda deyib ki, həmin görüşdə Ermənistanı narahat edən ən vacib məsələlər üzrə ümumi mövqeyə gəlmək mümkün olmayıb: “Özəlliklə, məsələ Qarabağ problemindədir. Hər ikimiz, Azərbaycan və Ermənistan sülhə nail olmağa çalışırıq. Hamı istisnasız sülh istəyir. Digər tərəfdən, sülh barədə danışanda hər kəs onu öz bildiyi kimi qəbul edir, hərənin öz şərtləri, öz formulu, öz nəticələri, özünün sülh mühiti var və konfliktlər də buradan yaranır. Azərbaycanın mövqeyi nədir? Onlar deyirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və müzakirə etməyə bir şey qalmayıb. Bizim və beynəlxalq ictimaiyyətin aşkar mövqeyi isə Bakının mövqeyilə üst-üstə düşmür. Xüsusilə Rusiya Azərbaycanın mövqeyini bölüşmür”.
Göründüyü kimi, Paşinyan sülh danışığından yayınacağı ilə bağlı ilkin anonsu bir neçə gün əvvəl Rusiyada vermiş oldu. Bunun ardınca sərhəddə baş verən hərbi təxribatları isə həmin sülhdən yayınma prosesinin davamı saymaq olar.
Politoloq Qabil Hüseyinli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti heç vaxt Ermənistana qarşı açıq ərazi iddiası qaldırmayıb: “Ancaq bəzi tarixi həqiqətləri dilə gətirib. Bunu iddia şəkilidə yox, vaxtilə babalarının da həmin ərazilərdə göz açdığını söyləyib. Biz bugünkü reallıqları qəbul edib, Ermənistana qarşı heç bir ərazi iddiası qaldlrmırıq. Onlar uydurma faktlara əsaslanıb Qarabağdakı ermənilərə status tələb edəndə, onda biz də onların nəzərinə tarixi faktları çatdırırıq. Nəzərlərinə çatdırırıq ki, onlar sülhə getməyəcəklərsə, biz də həmin iddiaları qaldıra bilərik. İşlərin rəvan getdiyi yerdə Azərbaycan tarixi torpaqlarımız haqda iddia qaldırıb, onu siyasi amilə çevirmir. Onlar yalan danışmağa öyrənib. Belə avantüraıarı ilə bütün dünyanı bir-birinə qatırlar. Onları buna sövq edənlər var. Paşinyan bu fikirin əsasını Vladivastokda erməni icmasının qarşısında etdiyi çıxışda qoyub. O, çox ayağı sürüşkən adamdır. Müəyyən xarici və daxili siyasi dairələrin təsiri ilə hərəkət edən şəxsdir. Başda erməni diasporu olmaqla, müəyyən dövlətlər qrupu onu əlində oyuncağa çevirə bilib. Mövcud şəraitə uyğun fikirlər səsləndirib, sonra ondan imtina etməyə öyrəşən adamdır. Paşinyan bütün bu addımları ilə sülhdən yayınmağa çalışır”.
Məhəmmədəli QƏRİBLİ