Ermənistan Baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icması ilə görüşündə bildirib ki, Azərbaycan beynəlxalq meydanlarda Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını deyir:
“Ancaq onlar “Şərqi Zəngəzur” terminindən istifadə edirlər, bu isə “Qərbi Zəngəzur”un mövcudluğu deməkdir. Bütün bunlarda gizli məna var”.
Görünən budur ki, Paşinyan indidən azərbaycanlıların öz ata-baba yurdlarına köçəcəyindən ehtiyat edir. Ancaq sadə məntiq deyir ki, ermənilər Xankəndində yaşayırsa, azərbaycanlıların da Qərbi Zəngəzurda, İrəvanda və Göyçədəki tarixi yurdlarında yaşamaq haqqı mövcuddur. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın aylarda imzalanacağı proqnozları verilir. Bu, Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıqların əsas göstəricidir və icrası mütləq xarakter daşıyır. Ermənilər 30 il ərzində anti-Azərbaycan təbliğat aparsalar da buna müyəssər ola bilmədilər. Sülh danışıqlarında hər dəfə bildirilir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşı olaraq burada yaşaya biləcəklər. Digər mühüm amil bundan ibarətdir ki, ermənilər Qarabağda rahat yaşayacaqsa, təhlükəsizlikləri Azərbaycan dövləti tərəfindən qorunacaqsa, azərbaycanlılar da deportasiya olunduqları tarixi yurdlarına - Qərbi Zəngəzur, İrəvan, Göyçədəki evlərinə dönüb, orada yaşamaq hüququna və təbii haqqına malikdir.
Məlumdur ki, sülh müqaviləsinin başlıca şərti tərəflərin qarşılıqlə olaraq bir-birinin ərazi bütövlüyünü tanımasından keçir. Ermənistan bu dəfə də sülh müqaviləsini imzalamaqdan yayınarsa, Azərbaycan soydaşlarımızın öz ata-baba yurdları olan Göyçəyə, İrəvana, Zəngəzura dönüşünü dövlət səviyyəsində tələb etməyi sürətləndirə bilərmi?
Göyçə-Zəngəzur Respublikası və Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin rəhbəri Rizvan Talıbov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onların bütün fəaliyyəti indi Ermənistan adlanan Qərbi Azərbaycandan qovulan soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışına yönəlib: “Biz 20 ildir ki, bu istiqamətdə fəaliyyət göstəririk. Bu gün Qarabağ əhalisinə aidiyyəti olmayan, dünyanın hər yerindən gətirilmiş ermənilər bizim tarixi ərazilərimizə yerləşdirilirlər. Biz bu cür məskunlaşmanı qəbul etmirik. Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinə qarşı üsyan etmiş bir toplumdur. Həmin ermənilər bu gün də bizim qanunları qəbuletmirlər. Kim bizim vətəndaşlığı qəbul edəcəksə, onlara yaşamaq haqqını təmin edə bilərik. Ancaq bizim Qərbi Azərbaycandakı ata-baba yurdlarımıza qayıtmaq haqqımız var. Biz həmin ərazilərdən heç bir əsas olmadan zorakılıqla çıxarılmışıq. Azərbaycan hakimiyyəti bu məsələni beynəlxalq müstəviyə qaldırmalı, bizim həmin ərazilərə qaytarılmağımızı tələb etməlidir. Eyni zamanda, bizim kimi təşkilatlara lazımi dəstək verməlidir ki, bu məsələləri biz də aktiv şəkildə tələb edək. Onda dövlət beynəlxalq təzyiqlərlə üzləşməz. Bilirsiniz ki, ermənilərin arxasında böyük güclər dayanır. Dövlət səviyyəsində bu çağırışlar açıq səslənərsə onda biz ermənilərin təxribatını görərik. Deyərlər ki, güya biz onlara ərazi iddiası irəli sürürük. Bəli, Qərbi Zəngəzur var. Həmin ərazi 1923-cü ildə ruslar tərəfindən Ermənistana hədiyyə edilib. Bu tələbi bizim kimi təşkilatların etməsi daha məqsədəuyğundur. Sadəcə, dövlətin bizə dəstəyi lazımdır. Biz bunu beynəlxalq məhkəmələr yolu ilə də həllini tələb edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ