“Azərbaycanda 1921, 1923, 1975, 1969 xəritələrinə əsasən danışırlar. Biz isə deyirik ki, demarkasiya hüquqi qüvvəyə malik sənədlər əsasında aparılmalıdır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
Həmişə olduğu kimi, gah nala, gah mıxa vuran Paşinyan demarkasiya və delimitasiya prosesi ilə bağlı təhlükələrin olduğunu bildirib. Brüssel görüşündə, Vladivostokda çıxışında “səmimi” və “sözəbaxan” görünən Paşinyan erməni icması qarşısında tamamilə fərqli formada özünü göstərib: “Baxın, beynəlxalq platformalarda Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir. Amma “Şərqi Zəngəzur” ifadəsini işlədir. “Şərqi Zəngəzur” varsa, təbii ki, “Qərbi Zəngəzur” da var. Bütün bunların içində gizli iddialar var. 1921, 1923, 1975, 1969 xəritələrinə əsasən danışırlar. Biz deyirik ki, demarkasiya hüquqi qüvvəyə malik sənədlər əsasında aparılmalıdır. Azərbaycanda belə bəyanatlar var ki, məsələn, müəyyən ilin xəritəsi Zəngəzurun qanunsuz olaraq Ermənistana verildiyini, yaxud bəzi yaşayış məntəqələrinin “qanunsuz olaraq Ermənistana verildiyini” təsdiq edir”.
Göründüyü kimi, Paşinyan Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı məsələlərdən qorxaraq “demarkasiya hüquqi qüvvəyə malik sənədlər əsasında aparılmalıdır” tezisi ilə çıxış edir. Məgər, bu xəritələrin hüquqi gücü yoxdur? Hüquqi qüvvəyə malik sənəd deyəndə Paşinyan nəyi nəzərdə tutur? Belə bir sənədi biz haradan tapacağıq?
Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Paşinyanın belə canfəşanlıq göstərməsi müəyyən məsələlərdən irəli gəlir: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1918-ci ildə tarixi Azərbaycan ərazilərində Ermənistan yaradılanda sahəsi 9 min kvadrat kilometr idi. Balşevik Rusiyası isə sonra Azərbaycan xalqının rəyini nəzərə almadan 20 min kvadrat kilometrdən artıq ərazini qanunsuz olaraq Ermənistana peşkəş etdi. Müxtəlif vaxtlarda mənfurcasına bu plan həyata keçirildi. 20-ci ilin sonlarına qədər Qərbi Zəngəzur Ermənistana verildi və Naxçıvanın Azərbaycanın materik hissəsi ilə birbaşa quru əlaqəsi kəsildi. Sonrakı dövrlərdə də müxtəlif sərhəd ərazilərdə torpaqlarımızı zəbt etdilər. Daha sonra süni şəkildə ermənilərin sayını artırmaq üçün azərbaycanlıları müxtəlif vasitələrlə sıxışdırmağa başladılar. 1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlı Kür-Araz ovalığına deportasiya edildi. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu, əsasən, Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan rayonlarını əhatə edirdi. Bu rayonlar əsasən azərbaycanlıların yığcam şəkildə, yaxud ermənilərlə qarışıq halda yaşadıqları dağlıq və dağətəyi rayonlar idi. Erməni millətçiləri, ilk növbədə, azərbaycanlıları bu rayonlardan qovub çıxarmağa çalışırdılar. Paşinyan bütün bu reallıqları yaxşı bildiyi üçün nə vaxtsa həqiqətin qalib gələcəyindən qorxur. Ona görə də delimitasiya ilə bağlı uydurma fikirlər ortaya atır. Paşinyan yaxşı bilir ki, 9 min kvadrat kilometr ərazisi olan Ermənistan, bolşevik Rysiyası hesabına 29 min kvadrat kilometrə çatırılıb. Qərbi Azərbaycan əraziləri qəsb edilərək Ermənistana verilib”.
Vidadi ORDAHALLI