Radikal müxalifət öz klassik təbliğatlarını təkrarlayır, şəhidlərimizin üzərindən xal qazanmağa çalşır. Eyni şəbəkə eyni iddialarını davam etdirir və hər dəfə təsdiq edirlər ki, onlar üçün maraqlı olan nə Vətən, nə şəhidlər, nə şəhid ailələri və qazilər yox, yalnız öz ambisiyalarıdır.
Bu qrupun ambisiyaları da o qədər cılızlaşıb ki, klaviaturaya sarılaraq, şəhidlər üzərindən siyasi qazanc əldə etməkdən başqa əllərindən heç nə gəlmir. Bu dəfə söhbəti uzaqdan – Ukraynadan başlayıblar. İddia edirlər ki, Ukrayna və Rusiyada həlak olan əsgərlərə böyük məbləğdə yardım edilir, niyə Azərbaycanda edilmir. Halbuki, Azərbaycanda birinci və ikinci Qarabağ müharibələrində şəhid olanların ailələrinə birdəfəlik yardım edilməklə yanaşı, aylıq müavinət verilir, eləcə də qazilərə hərtərəfli sosial dəstək göstərilir.
Ümumiyyətlə, bu istiqamətdə genişmiqyaslı addımlar atılır: birdəfəlik yardım, aylıq müavinət, əlavə imtiyazlar, işlə təmin etmək, fərdi sahibkarlığa dəstək, kommunal güzəştlər, təhsil şəraitinin yaradılması, mənzil problemlərinin həlli, ailə təsərrüfatının yaradılmasına göstərilən kömək və saydıqca bitməyəcək digər işlər.
Radikal müxalifətin bu yöndə olan iddialarını necə dəyərləndirmək olar?
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son günlərdə bəzi dairələrin həssas qruplar üzərindən qurduqları oyunları görürük: “İndi də ortaya başqa ölkələrlə müqayisələri atırlar. Bu hələ ki, kağız üzərində olan məsələdir. Hər iki ölkənin vəziyyətini görürük. Ukraynanın özü digər dövlətlərdən asılı vəziyyətdədir. Xarici ölkələr onların özünə kömək edir. Belə bir ölkə o qədər vəsaiti haradan alır ki, elə böyük məbləğdə yardım ödəsin? Azərbaycan isə istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində dünyasını dəyişən hər bir şəhid ailəsinə, qazilərimizə və veteranlara diqqət göstərib. Bununla yanaşı onlar avtomobil, mənzillərlə də təmin olunurlar. Bütün bunlar dövlətin qayğısından xəbər verir. Birdəfəlik yardımlar bizdə də verilib. Uzun illər ərzində bizim dövlətin etdiyini digər ölkələrlə müqayisə etsək, bizdəki göstərici daha yüksək olar. Hansısa məmurun həssas qrupa qarşı etdiyi diqqətsizliyi biz bütün dövlətin adına yaza bilmərik. Azərbaycan vətəndaşı nəyin baş verdiyini gözəl görür. Həmin müxalifət liderlərinin hansının övladları, yaxınları və ya özləri bu iki müharibıdə iştirak edib? Bu səbəbdən də belə mövzularla manipulyasiya lazım deyil. Bunlar 30 il ərzində formalaşıb ortaya çıxa bilmədilər. Övladları xaricdə bahalı həyat tərzi keçirir. Müharibənin 44 günü ərzində biz çox detalları gördük. Xalqın dövlətə inamı olmasaydı, biz həmin qələbəni əldə edə bilməzdik. Buna görə də, həssas təbəqə belə araqarışdıranların dediklərinə əhəmiyyət verməməlidir. Həssas qruplara göstərilən dəstəyə görə Azərbaycan dünyaya nümunə göstərilə biləcək ölkədir”.
Məhəmmədəli QƏRİBLİ