Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub. General-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Qeyd edək ki, bundan əvvəl də sözügedən qurumda maliyyəyə məsul olan bəzi sabiq vəzifəli şəxslər həbs edilib. Biz proqnoz vermişdik ki, həbslərin dalğası böyüyərək, Müdafiə Nazirliyinin sabiq rəhbərlərinə qədər gedib çıxa bilər. Həbslərin dalğasında məsuliyyətə cəlb edilən şəxslərin kimliyindən demək olar ki, qurumda bir müddət əvvəl baş verən korrupsiya halları araşdırılır. Həmin vaxt isə quruma Səfər Əbiyevlə Nəcməddin Sadıxov rəhbərlik edib. Artıq maliyyəyə məsul olan genetalın həbsi də onu deməyə əsas verir ki, istintaq MN-ın sabiq rəhbərliyinə çox yaxınlaşıb.
Hüquqşunas Şəmsəddin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, istintaqın gedişi ilə bağlı konkret nəsə deyə bilmərik: “Ancaq bir hüquqşunas və sabiq polis rəisi kimi deyə bilərəm ki, bu istiqamətdə çox ciddi və obyektiv araşdırmalar aparılır. Biz sizinlə ötən müsahibələrdə qeyd etmişdik ki, həbslər yalnız aşağı eşelonla yekunlaşmayacaq. Çünki cinayətin mahiyyəti və mənimsənilən pulların miqdarı bunları söyləməyə tam əsas verirdi. Bir qurumda hansısa idarə rəisi və ya maliyyəyə məsul olan digər şəxs 10 milyonu tək mənimsəyib cibinə qoya bilməz. Bunun üçün işlək korrupsiya mexanizmi olmalıdır. Görünən budur ki, sabiq rəhbərlik buna nail ola bilib. Niyə sabiq deyirik? Çünki məsuliyyətə daha çox hazırda ordudan tərxis edilən zabitlər cəlb edilib. Deməli, araşdırmalar bir müddət əvvəli əhatə edir. Bu, qurumda pulu mənimsəmək hüquqi ilə yanaşı həm də mənəvi məsuliyyət yaradır. Millətin ordusunun pulunu mənimsəmək üçün insan həm də vicdanını itirməlidir. İstintaqın obyektivliyinə inanırıq. Ümidvaram ki, bu işdə məsuliyyəti olan hər bir şəxs layiqli və ciddi cəzasını alacaq”.
Məhəmmədəli QƏRİBLİ