Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib. Məlumata görə, onun barəsində xüsusi ittiham qaydasında şikayət verilib. Belə ki, Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir. O da məlum olub ki, fevralın 17-də Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Məlumat üçün qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir edib. Adıçəkilən jurnalistlərin tənqidindən sonra Feyziyev statusunu silib, daha sonra Mətbuat Şurasının İdarə Heyətindən istefa verib.
Nəzərə alsaq ki, C.Feyziyev parlamentin deputatıdır, o zaman onu məhkəməyə verməyin bir nəticəsi olarmı? Yəni bunun hüquqi müstəvidə hansısa perspektivi varmı?
“Milli Məclisin müvafiq orqanının bununla bağlı araşdırma aparmasına da ehtiyac var”
Sözügedən məsələyə aydınlıq gətirən hüquqşünas Şəmsəddin Əliyevin fikrincə, bu bir az çətin məsələdir: “Cavanşir Feyziyev parlamentdə təmsil olunduğu üçün onun məsuliyyətə cəlb olunması qəliz məsələdir. Ölkə Konstitusiyasında hansı hallarda Milli Məclis üzvünün məsuliyyətə cəlb oluna biləcəyi göstərilib. Deputat cinayət başında yaxalanarsa, o zaman məsuliyyətə cəlb olunur. Nəzərə almaq lazımdır ki, səlahiyyət müddəti dövründə millət vəkillərinin şəxsiyyəti toxunulmazdır. Deputat, cinayət başında yaxalanma hallarından başqa, səlahiyyət müddəti ərzində digər hallarla əlaqədar cinayət məsuliyyətinə cəlb oluna bilməz. Onun barəsində məhkəmə qaydasında hər hansı inzibati tənbeh tədbirinin tətbiq olunması qadağandır. O cümlədən, axtarışa məruz qala bilməz. Bütün hallarda burada çətinliklər onunla bağlıdır ki, Konstitusiyanın 90-cı maddəsi, deputat yalnız cinayət başında yaxalanarsa, onun həbsinə icazə verir. Bu zaman Baş Prokurorluq parlamentə təqdimat verir. Təqdimat veriləndən sonra deputatın səlahiyyətinə xitam verilir. Bu baxımdan onun məsuliyyətə cəlb olunması bir qədər çətin görünür. Başqa bir tərəfdən, C.Feyziyevlə bağlı parlamentin müvafiq orqanının araşdırma aparmasına da ehtiyac var. Bir sözlə, parlament buna münasibət bildirməlidir. Bir məqamı da qeyd edim ki,147-ci maddədə müəyyən nüanslar var. 147-ci maddənin dispozisiyasında qeyd edilir ki, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatları KİV-də yaydıqda bu, məsuliyyət yaradır. Ancaq bunun da sübuta yetirilməsi bir az qəlizdir”.
O baxımdan hüquqşünas hesab edir ki, son sözü yenə məhkəmə deyəcək.
Vidadi ORDAHALLI