2019-cu ildə Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postuna gəlişindən sonra qurumda hansısa bir canlanmaya ümid edənlər də, əksini düşünənlər də vardı. Uzun illər AMEA-ya kuratorluq edən R.Mehdiyevin gözlənilmədən quruma rəhbər gəlməsi akademiyada birmənalı qarşılanmadı.
R.Mehdiyev prezident kimi ayağını AMEA-ya qoyan gündən qurumda ciddi fikir ayrılıqlarının, parçalanmaların, intriqaların başladığına dair iddialar dolaşmağa başladı. AMEA-nın dəhlizlərində, kabinetlərində söz-söhbətlər gəzirdi ki, Mehdiyevin gəlişi AMEA-ya yaxşı heç nə vəd etmir və o qurumu daha dərin bataqlığa sürükləyəcək. Mehdiyevə qarşı daxildə formalaşan narazılıq özünü çox gözlətmədi, dəhlizlərdə dolaşan söhbətlər çox keçmədi ki, artıq mətbuat səhifələrində görünməyə başladı. İlk olaraq açıq şəkildə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov R.Mehdiyevi akademiyada intriqa yaratmaqda suçladı və onun elmi bataqlığa sürüklədiyini vurğuladı.
Bu da onu təsdiqlədi ki, AMEA-da R.Mehdiyevə münasibət birmənalı deyil və onunla bağlı alimlər arasında fikir qarşıdurmaları yaranıb. Bir sözlə, R.Mehdiyevə görə akademiya parçalanıb. Son günlər AMEA-nın müxtəlif institut və təşkilatlarının rəhbərliyi səviyyəsində R.Mehdiyevin istefa tələbi səsləndirilir. Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı, Milli Məclisin deputatı, AMEA-nın Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rəfael Hüseynov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov Ramiz Mehdiyevi istefa verməyə çağırıb. R.Mehdiyevi istefaya səsləyənlərlə yanaşı onu müdafiə edənlər də var. AMEA-nın Arxeologiya və Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov isə həmkarlarından fərqli olaraq R.Mehdiyevin müdafiəsinə qalxıb və R.Mehdiyevi istefaya çağıranları “şər-böhtançı” adlandırıb...
R.Mehdiyevin istefa verib verməyəcəyini bilmirik. Lakin Mehdiyevin istefası tələbinin genişlənməsi və bu tələbə qarşı cüzi olsa da etirazın olması onu göstərir ki, Mehdiyevə görə qurumun daxilində parçalanma başlayıb və yaxın günlərdə bunun daha da dərinləşəcəyi deyilir. Mehdiyevin istefası tələbilə başlayan etirazlara daha çox alimin qoşulacağı istisna edilmir...
İradə SARIYEVA