Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhəd böhranının aradan qaldırılması təklifi ilə çıxış edib. Məlum olub ki, N.Paşinyan Azərbaycan hökumətinə qoşunlarını geri çəkməyi və Ermənistanla Azərbaycan arasında sərhəddə ABŞ-dan beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edib. N.Paşinyan Azərbaycanın siyasi rəhbərliyinə ünvanladığı məktubunda öz təklifini ABŞ-ın Minsk Qrupunun həmsədri kimi vasitəçilik statusu ilə əsaslandırıb. Bəzi ekspertlər hesab edir ki, Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində ABŞ və Fransadan olan beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə bağlı planı Rusiyaya qarşı çağırışdır. Paşinyan bu bəyanatı ilə iki ölkənin sərhədində yaşanan problemi nizamlamır, əksinə, onun plan olaraq verdiyi təklif regionda vəziyyəti qeyri-stabilləşdirməyə yönəlib. Ona görə də, Paşinyanın bu təklifini təxribat hesab etmək olar.
"Bununla Paşinyan həm də Rusiyanı irəlidəki seçkilərdə onu dəstəkləməyə vadar etməyə çalışır”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bu təklifi ümumi gedən prosesləri sabotaj etməyin növbəti cəhdidir: “Ermənistanla sərhədin müəyyənləşməsində həmin ölkə bütün variantlardan istifadə edir ki, proses pozulsun. Ermənistan prosesə “müharibə bitməyib” mesajını verir. Bu, daxili auditoriyaya hesablanan bir mesajdır. Görürlər KMTM və NATO-ya etdikləri müraciətlərin heç bir faydası olmadı, indi də ABŞ məsələsini ortaya atırlar. Ən maraqlısı isə budur ki, bununla bağlı Azərbaycana müraciət edirlər. ABŞ-ın ATƏT mandatı ilə vasitəçilik missiyası heç yerdə uğur qazanmayıb. Biz 30 ildə həmin formatın nəyə qadir olduğunu görmüşük. Minsk Qrupu öz simasını doğrultmağa çalışırsa, tərəflər arasında sülh sazişinin imzalanmasında vasitəçilik edə bilər. Biz öz sərhədimizi qorumağa qadirik. Ermənistanın sərhədlərini isə başqa ölkələrin hərbçiləri qoruyur. 44 günlük müharibədən əvvəlki dönəmdə olan hərbi təxribatlarla da Paşinyan regiona dördüncü qüvvənin gətirilməsinə çalışırdı. Bununla Paşinyan həm də Rusiyanı irəlidəki seçkilərdə onu dəstəkləməyə vadar etməyə çalışır. Öz primitiv üsulları ilə sabatojlığa yol verir. Azərbaycan öz sərhədlərini köhnə xəritənin tələblərinə uyğun şəkildə bərpa edəcək. Yaxşı olar ki, Paşinyan özü üçün başqa oyun meydançaları tapsın”.
Məhəmmədəli QƏRİBLİ