Əgər biz Ağdam istiqamətindən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Bunu Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib. Dövlət başçısı bildirib:
"Bilirəm ki, müharibə dövründə mənim “Twit”lərimi, mənim çıxışlarımı xalqımız səbrsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün “Twit”lərimdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə, biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik”.
Müharibədən sonra açıqlanan bu faktlar bir Prezidentin həm də güclü hərbi strateq olduğunu təsdiq edirmi?
“Prezident düşmənlə diplomatik səviyyədə danışmağı bacarması ilə yanaşı, yüksək hərbi qabiliyyətini də nümayiş etdirdi”
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezident çıxışında son müharibə ilə bağlı bir çox sirlərin üstünü açdı: “Ən böyük sirlərdən biri hücum istiqamətlərinin müəyyənləşməsilə bağlıdır. Bilərəkdən hücum kimi Füzuli istiqaməti götürülmüşdü. Həmin istiqamətdə Şuşa azad ediləndən sonra Ağdama doğru hərəkətlənmənin olması nəzərdə tutulmuşdu. Ağdama yaxın ərazilərdə bizim ordumuzun çox böyük gücü toplanmışdı. Düşmən hər an həmin istiqamətdən hücum gözləyirdi. Əldə olunmuş kəşfiyyat məlumatlarına əsasən biz bilirdik ki, o istiqamətdə düşmən böyük istehkamlar qurub. Ona görə də biz hücumun əsas istiqaməti kimi Füzulini seçdik. Sonra biz az itki ilə Ağdamı alacaqdıq. Ora cəmləşən erməni hərbi birləşmələri isə mühasirəyə düşmüş olacaqdı. Şükürlər olsun ki, biz Ağdamı bir nəfər itki vermədən ala bildik. Bu, böyük uğurdu. Bütün bunlar Prezidentin həm də yaxşı hərbi taktik olduğunu sübut etdi. Prezident düşmənlə diplomatik səviyyədə danışmağı bacarması ilə yanaşı, yüksək hərbi qabiliyyətini də nümayiş etdirdi. Bu gün də biz düşmənin sərhədlərimizdə aqressiv hərəkətlərə yol verdiyinin şahidi oluruq. Ancaq Prezidentin tapşırığına əsasən bizim qoşunlarımız səbrlə hərəkət edir, əldə olan xəritə ilə sərhədlərimizin bərpasını həyata keçirir”.
Məhəmmədəli QƏRİBLİ