“Medianın İnkişafı Agentliyi bundan sonra da azad edilən ərazilərdə mediaturlar təşkil edəcək”. Bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
O bildirib ki, həmin ərazilərdə görülən quruculuq-bərpa işləri barədə məlumatlar ictimaiyyətə çatdırılacaq: "İşğaldan azad edilən ərazilərdə quruculuq-bərpa işləri davam etdirilir. Azad edilən ərazilərdəki bərpa işlərini işıqlandırmaq üçün Medianın İnkişafı Agentliyi mediaturlar həyata keçirir".
Vüqar Rəhimzadə: “Medianın İnkişafı Agentliyinin işğaldan azad edilmiş ərazilərə təşkil etdiyi səfərlər olduqca önəmlidir”
Medianın İnkişafı Agentliyinin işğaldan azad edilmiş rayonlara təşkil etdiyi mediaturların əhəmiyyəti haqqında danışan “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Medianın İnkişafı Agentliyinin işğaldan azad edilmiş ərazilərə təşkil etdiyi səfərlər olduqca önəmlidir. Bu səfərlər həm ölkə ictimaiyyəti üçün, həm də dünya arenasına məlumatların verilməsi baxımından əhəmiyyətlidir. Ermənilərin torpaqlarımızda necə rəftar etmələri reportajlarda, oçerklərdə, müxtəlif informasiya vasitələrində dünya ictimaiyyətinə çatdırılacaq. Agentlik tərəfindən mediaturların təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, hər bir media nümayəndəsinin o bölgələrdə olması informasiyadır. Medianın İnkişafı Agentliyinin belə bir təşəbbüsünü alqışlayıram. Bir var hansısa qurum həmin bölgədə gördüyü işləri ictimaiyyətə çatdırmaq üçün mediatur təşkil edir. Ancaq Medianın İnkişafı Agentliyinin təşkil etdiyi turlar daha önəmlidir”.
Şakir Ağayev: “...ermənilərin törətdikləri vəhşiliklərin dünyaya çatdırılması baxımından vacibdir”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev qəzetimizə açıqlamasında qeyd etdi ki, Medianın İnkişafı Agentliyi əsasən çap mediası ilə əməkdaşlıq edir: “Agentlik işğaldan azad olunmuş rayonlara mediatur təşkil edərkən hansı media nümayəndəsini dəvət etməsini daha yaxşı bilir. Bu tip mediaturların təşkil olunması həmin ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin dünyaya çatdırılması baxımından vacibdir”.
Həmsöhbətimizin sözlərinə görə, işğaldan azad olunmuş rayonlara mediaturlar təşkil olunduqca həmin səfərlərdə iştirak edən gənc jurnalistlər doğma torpaqları görəcəklər. Bu səfərlər sayəsində insanlarda vətənpərvərlik hissi daha da yüksələcək.
Aqil Camal: “İşğaldan azad edilmiş ərazilərə media təmsilçilərinin turlarının bu qurum tərəfindən təşkili və koordinasiya edilməsi...”
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, hazırda Medianın İnkişafı Agentliyi dövlətin media siyasətini və bu sahədə fəaliyyəti həyata keçirən əsas rəsmi orqandır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərə media təmsilçilərinin turlarının bu qurum tərəfindən təşkili və koordinasiya edilməsi normal haldır: “Çünki indiki dövrdə işğaldan azad edilmiş ərazilər hələ təsərrüfat fəaliyyətinin, infrastrukturun qurulmadığı, xüsusi dövlət qurumlarının nəzarətində olan, risq təşkil edən bölgələrdir. Bu bölgələrə turlar təşkil edilərkən bu, bir sıra dövlət orqanları ilə koordinasiyalı iş əsasında həyata keçirilir. Bu koordinasiyanı isə mediadan məsul dövlət qurumu olan Medianın İnkişafı Agentliyi daha effektiv şəkildə icra edə bilər və edir də.
Bəzən hansısa nazirliklər həmin bölgələrə jurnalistlərin səfərlərini təşkil edirlər. Amma bu zaman daha çox şəxsi və işgüzar əlaqələr əsasında bu iş həyata keçirilir. Agentlik isə daha çox və ciddi media cameəsini əhatə edir. Bu baxımdan, digər qurumlar da mediaturlar təşkil edərkən, bu fəaliyyəti agentliklə koordinasiya etmələri yaxşı olardı”.
Sevinc Seyidova: “...çox aktualdır”
“Həftəiçi” qəzetinin baş redaktoru Sevinc Seyidova bizimlə söhbətində bunları dedi: “Bütün dünya 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizdəki mövcud vəziyyəti görməli, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirmək yerinə, ermənilərin torpaqlarımıza qarşı soyqırım addımlarına ədalətli qiymət verməlidir.
Təbii ki, işğaldan azad edilən rayonlarda ermənilər tərəfindən bütün infrastrukturun, tarixi, mədəni və dini abidələrin tamamilə məhv edilməsi, bütöv şəhərləri yer üzündən silmək cəhdlərinin ifşası Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə çalışanlara ən tutarlı cavabdır. Sözügedən proses Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri ilə başladı. Dövlət başçısı şəxsən dağıdılan məscidlərimizin, kilsələrin, mədəniyyət abidələrinin qarşısında dünyaya erməni vəhşiliyi ilə bağlı çağırışlar etdi.
Artıq bu prosesi daha da inkişaf etdirmək, Azərbaycan dövlətinin vandalizm aktları ilə bağlı Ermənistana qarşı beynəlxalq məhkəməyə müraciətini gücləndirəcək faktların toplanmasında, beynəlxalq aləmdə bizim haqlı olduğumuza dair rəyin formalaşdırılmasında mətbuatın üzərinə çox böyük vəzifələr düşür.
Bu səbəbdən, MEDİA tərəfinən işğaldan azad edilmiş ərazilərə mütəmadi olaraq mətbuat nümayəndələrinin səfərlərinin təşkili bu gün çox aktualdır. Hazırda müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrılıqda bu səfərlər təşkil olunur və mövcud vəziyyət həm ölkə, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
MEDİA tərəfindən ilk bu cür səfər isə Ağdam rayonuna təşkil edildi. Səfərdən sonra mətbuat səhifələrində, informasiya saytlarında çoxsaylı məqalə dərc olundu. Onu da qeyd edək ki, bu gün hər bir redaksiyada həmin ərazilərdə doğulan, böyüyən jurnalistlər də fəaliyyət göstərirlər. Torpaqlarımızın azadlığa qovuşmasının onlarda hansı hisslər yaşatdığını hamımız görürük. Bu səfərlər həm də o jurnalistlərin doğma torpaqlarına baş çəkmələri, gördüklərini ayrı bir duyğu ilə işıqlandırmaları üçün də bir fürsətdir.
Növbəti belə səfərlərin təşkili də eyni amala xidmət edəcək və bu məsələdə bütün dünya, mövqeyindən, baxışından asılı olmadan, Azərbaycanda fəaliyyət göstərən media orqanlarının eyni mövqedən, dövlətimizin milli maraqlarından çıxış etdiklərinin şahidi olacaq”.
Günel CƏLİLOVA