Mayın 26-da Ermənistan parlamentində keçirilən “hökumət saatında” baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışarkən bir sıra məqamlara toxunub.
Baş nazir əvəzinin sözlərinə görə, hakimiyyətin əleyhinə tənqidlər səslənir və bir çoxu KTMT-yə müraciət edilməsini səhv addım sayır. Amma Paşinyanın fikrincə, Ermənistanın problemin həlli üçün gücə əl atmamasına məhz KTMT partnyorları çağırıblar.
Bununla belə, Paşinyan qeyd edib ki, Azərbaycanın hərbi birləşmələri ölkə ərazisindən çıxmayınca, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası üçün komissiyanın yaradılması barədə sənədi imzalamayacaq. Eyni zamanda, bununla bağlı gülünc müqayisə aparıb: “Syunikdən söz düşəndə deyirlər ki, sərhədin bu hissəsində Ermənistan və Azərbaycan arasında demarkasiya və delimitasiya aparılmayıb. Amma demək istəyirəm ki, ona qalsa, Rusiya-Azərbaycan sərhədində də demarkasiya və delimitasiya aparılmayıb. Nə olsun ki?”.
Rusiya ilə Azərbaycan sərhədi tam demarkasiya və delimitasiya olmasa belə, tərəflər arasında münaqişəli vəziyyət yoxdur. Yəni demarkasiyasız da keçinmək olur və iki ölkənin münasibətləri gərgin deyil. Ancaq Ermənistanla Azərbaycanın münasibətlərinə gəldikdə isə vəziyyət tamam fərqlidir axı. Neçə ildir tərəflər müharibə vəziyyətindədir, iki ölkə arasında diplomatik münasibətlər mövcud deyil. O zaman Paşinyanın müqayisəsi nə dərəcədə məntiqli sayıla bilər?
“Müharibə vəziyyətində olan ölkə ilə sərhədlərin delimitasiyasını yubatmağın heç bir məntiqi və hüquqi əsası yoxdur”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun fikrincə, Paşinyanın yanaşması normal düşüncədən uzaq bir mövqedir: “Bu bir daha onu göstərir ki, Paşinyanın həqiqətən psixoloji və intellekt problemi var. Nəzərə almaq lazımdır ki, onun ali təhsili olmadığına görə intellekti də çox aşağı səviyyədədir. Əvvəla Azərbaycan Silahlı Qüvvələri SSRİ dönəmində müəyyən edilən sərhədlərdə dayanıb. Hansı ki, həmin sərhədlərə əsasən Azərbaycanın əraziləri dünya birliyi tərəfindən tanınıb. Belə olan halda, guya bizim hərbçilərin Ermənistan ərazisinə girdiyini iddia edib, delimitasiya və demarkasiyadan imtina etməyin heç bir əsası yoxdur. Bu, sadəcə, təxribat və prosesi pozmaq cəhdidir. Bu adam hərbi xidmətdən yayındığı üçün bu sahədən elementar anlayışı da yoxdur. Məsələn, bu gün bəyan edib ki, hərbçilər sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə xəbərdarlıq nişanları qoyaraq sərhədi minaladıqları zaman “oğurlanıblar”. Daha dəqiq desək, Ermənistanın daxilində mina basdırıblar və onu işarələyiblər. Mina basdırılırsa, o zaman işarə nəyə lazımdır? İndi də bu adam deyir ki, Rusiya-Azərbaycan sərhədi tam demarkasiya olunmayıb. Məgər bu, Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyasının sonrakı vaxta saxlanmasına əsas verir? Qətiyyən yox. Ona görə də bu cür yanaşma sərsəm xarakterlidir. Ermənistan 4 ölkə ilə sərhəddir və onların hamısına ərazi iddiası var. Onlardan biri ilə müharibə vəziyyətindədir. Müharibə vəziyyətində olan ölkə ilə sərhədlərin demilitasiyasını yubatmağın heç bir məntiqi və hüquqi əsası yoxdur”.
Politoloq onu da qeyd etdi ki, qarşıdan gələn seçkilərlə əlaqədar Paşinyan qəsdən ritorikanı sərtləşdirməklə xal qazanmaq istəyir.
Vidadi ORDAHALLI