Azərbaycan ərazisində qədim dövrlərdə bir çox dövlət mövcud olub və bu dövlətlərin ən qüdrətlilərindən biri Albaniyadır ki, biz onun tarixini müasir dövrdən daha geniş, dərin şəkildə araşdırmağı zəruri bilirik.
Azərbaycan coğrafiyasında yaranan, formalaşan və inkişaf edən bu dövlət müasir Azərbaycanla yanaşı, indi Ermənistan adlandırılan Qərbi Azərbaycanı və Gürcüstanın çox mühüm bir hissəsini, eyni zamanda, Dağıstanı əhatə edib.
Eramızdan əvvəl təxminən IV-III əsrdə yaranan və VIII əsrdə ərəb işğalına məruz qalana qədər çox uzun əsrlər mövcudluğunu qoruyan Albaniya dövlətinin, yaxud Qafqaz Albaniyasının paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə olub. Eramızın IV əsrində xristianlıq dinini rəsmi dövlət dini elan edən Albaniya bizə böyük bir xristianlıq irsi miras qoyub. Albaniyanın, yaxud Qafqaz Albaniyasının varisinin Azərbaycan dövləti və Azərbaycan xalqı olduğu dünya alimləri tərəfindən yazılıb, səsləndirilib.
Rus qafqazşünası Albaniyanın varisi olaraq hansı xalqı görürdü?
Məlum olduğu kimi, tarixi gedişatdan anlayışı olan və tarixi həqiqətləri qiymətləndirə bilən tədqiqatçılar, tarixçilər olub. Məsələn, görkəmli qafqazşünas-tarixçi Yevgeni İqnatyeviç Krupnov kimi. Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar.”
Qafqaz Albaniyası dövlətinin tarixi yenidən öyrənilir...
Prezident İlham Əliyevin Qafqaz Albaniyasının ilk paytaxtı kimi tarixə düşən Qəbələyə səfərindən və burada Albaniya dövlətinin tarixinin, alban dili və əlifbasının öyrənilməsini aktuallaşdırdıqdan sonra ölkəmizin elmi-tədqiqat müəssisələrində bu istiqamətdə bir canlanma var. Məlumatımıza görə, Azərbaycan Milli Elmlər Akademiyasının aidiyyəti elmi-tədqiqat institutlarında Qafqaz Albaniyası tarixi yenidən öyrənilməyə başlanıb, artıq bu istiqamətdə tədqiqatlar başlayıb. Qafqaz Albaniyasının paytaxtları olmuş şəhərlərimizdə bu sahədə tədqiqatların daha da genişləndirilməsi işləri reallaşdırılır.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu və Qafqazşünaslıq İnstitutu da daxil olmaqla müxtəlif istiqamətdə Qafqaz Albaniyasının tarixinin öyrənilməsi prosesinə start verildiyi bildirilir.
“Azərbaycan dövlətçilik tarixində ən uzunömürlü dövlət Albaniya dövləti olub”
Əldə etdiyimiz məlumata görə, hazırda AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev Bərdə şəhərində bu istiqamətdə tədqiqat işlərinə başlayıb. Qafqaz Albaniyasının tarixinin yenidən öyrənilməsinin olduqca ciddi bir məsələ olduğunu deyən Q.Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın ən qədim dövlətlərindən biri Qafqaz Albaniyasıdır. O deyir ki, əvvəllər cənubda Atropatena, Manna, Midiya dövlətləri vardı. “Bizim eradan əvvəl mənbələrdə adı çəkilən Qafqaz Albaniyası Azərbaycanın ən qədim dövlətidir. Dövlətçilik ənənələrimiz qədimdən başlayaraq bu günə kimi gəlir. Müəyyən dövrlərdə Qafqaz Albaniyası ərazisindən kənara çıxıb böyük olan dövlətlərin tərkibində olmuşuq. Amma ayrı-ayrı dövrlərdə, Naxçıvan da daxil olmaqla, özümüzün ayrı-ayrı dövlətlərimiz olub. Qafqaz Albaniyası haqqında yazılı mənbələrdə məlumatlar var. Onların ən mötəbəri Moyisey Kalankatlı tərəfindən alban dilində yazılmış və sonra qrabara tərcümə olunmuş, bu dildən ingilis dilinə, ingilis dilindən də Azərbaycan dilinə çevrilmiş “Albaniya tarixi” kitabıdır. “Albaniya tarixi” salnaməsi Bərdədə oturan alban hökmdarı Mehranilər sülaləsindən olan Cavanşirin göstərişi ilə Kalankatlı tərəfindən yazılıb. Kalankatlı bunu salnamə şəklində yazıb və bu gün də o bizim üçün bir tarixi mənbədir. Qafqaz Albaniyası haqqında digər məlumatlar Kalankatlıdan əvvəl də olub, az sayda olsa da. Roma və yunan mənbələrində Qafqaz Albaniyasının adı çəkilir, ona Albaniya deyilir, sonradan Albaniyanı Qafqaz Albaniyası adlandırıblar. Biz də onu Azərbaycan Albaniyası adlandırırıq. Çünki Qafqaz Albaniyası deyiləndə qonşularımız ona şərik çıxırlar, amma Azərbaycan Albaniyası deyəndə yox. Azərbaycan Albaniyası da eradan əvvəl, IV əsrdən eramızın VIII əsrinə qədər mövcud olub. Əslinə qalanda Azərbaycan dövlətçilik tarixində ən uzunömürlü dövlət Albaniya dövləti olub. 705-ci ildə Bərdədən ətrafdakı ərazilərin çoxunu ərəblər tutmuşdular. Ərəblər əvvəl Sasanilərin ərazisi olan indiki İran, Cənubi Azərbaycan ərazilərini tutdular, sonra Beyləqanın yanından keçərək şimala doğru getdilər, xəzərlərlə vuruşdular, oranı işğal etdilər. Bu ərazilər tutulandan sonra isə öz canişinlərini gətirib Bərdədə oturtdular”.
“Cavanşir öldürüldükdən sonra III Tridat dövründə Albaniya zəiflədi...”
Q.Hacıyevin sözlərinə görə, konkret olaraq, Bərdə şəhərini xilafətin şimaldakı mərkəzinə çevirdilər. O dövrdə Albaniyanın paytaxtının ərəb xilafəti tərəfindən hərbi-siyasi mərkəzlərdən birinə çevrildiyini deyən Q.Hacıyevin bildirdiyinə görə, xilafət buna Albaniyanı işğal etməklə və onun varlığına son qoymaqla nail olub: “Faktiki olaraq, 705-ci ildən sonra ərəb xilafəti Albaniyanı işğal etdi və onun paytaxtını özünün mərkəzlərindən birinə çevirdi. Xəlifə Əbdül Məlik böyük qoşun göndərdi, Bərdə şəhərində böyük gərginlik yaratdı. Halbuki, ərəblərə qarşı döyüş getmirdi, əhali islam dinini könüllü olaraq qəbul etmişdi. Beləliklə, onlar öz vəziyyətləri ilə barışmışdılar ki, böyük orduya sahib xilafətlə döyüşmək çətindir. Sasanilərlə, bizanslılarla müharibədən yorulmuş Albaniya ərəb qoşununa qarşı vuruşa bilməzdi. Ona görə iki dəfə Cavanşir ərəb xəlifəsinin yanına getdi və Albaniyanın müstəqilliyini saxladı, amma Cavanşir öldürüldükdən sonra III Tridat dövründə Albaniya zəiflədi, canişinlər tərəfindən idarə olunmağa başladı, 705-ci ildə isə, dediyim kimi, işğal edildi. Əbdül Məlik adam göndərdi, sonuncu alban hökmdarı Şeronu və alban katolikosu Abbasın həyat yoldaşını aparıb Şam şəhərində edam etdirdi. III Vaçaqanın göstərişi ilə yaradılan Bərdə kitabxanasını dağıtdı, məktəbləri ləğv etdi. Bundan sonra Bərdə xilafətin şimaldakı mərkəzi olduğuna və orta zolaq ticarət yollarının üstündə yerləşdiyinə görə Hindistandan tutmuş, İspaniyaya qədər ticarət, iqtisadi baxımdan inkişaf etdi və deyək ki, Şərqin ən böyük şəhərlərindən birinə çevrildi. Bağdadla, Səmərqəndlə, Rey şəhəri ilə müqayisə olunurdu. Hətta ərəb və fars mənbələri yazır ki, o dövrdə bu ərazilərdə ərəblərin işğal etdiyi şəhərlər arasında Bərdədən böyük şəhər yoxdur. Həmin dövrdə şəhərin ərazisi Tərtər çayının hər iki sahilinə yayılmışdı. Bərdə şəhərinin ərazisi 36 min kvadratkilometr idi və burada 100 min əhali yaşayırdı. Bunlar o dövr üçün çox böyük rəqəmlərdir”.
“Albaniya tarixinin daha dərindən, yeni metodologiya ilə öyrənilməsi çox vacib olduğu üçün...”
V əsrdə Albaniyanın paytaxtının Qəbələdən Bərdəyə köçürüldüyünü deyən Q.Hacıyev qeyd etdi ki, Bərdə ölkənin siyasi, sonra isə dini mərkəzinə çevrildi. Onun sözlərinə görə, xristianlıq dininin taxtı şimaldakı Çola şəhərindən Bərdəyə köçürüldü və beləliklə, Bərdə həm siyasi, həm iqtisadi, həm də mədəni, dini baxımdan Albaniyanın paytaxtı oldu. “Bir kəlmə ilə demək olar ki, ilk orta əsrlərdə, çox mühüm dövrlərdə Albaniyanın, bütövlükdə, tarixi Bərdənin tarixi ilə eynidir, paraleldir. Çünki ölkənin paytaxtı Bərdə şəhəri idi. Ərəb-fars mənbələrinin hər birində Bərdə haqqında geniş, ətraflı məlumatlar verilir. Bayaq dediyim kimi, antik mənbələrdə yalnız Albaniyanın adı çəkilir, bu ölkənin 26 şəhərinin, 28 toponimin adları qeyd edilir, çay, göl və sair olduğu deyilir. Bəzi oynonimlər, oronimlər haqda məlumat verilir. Çox qısa məlumatlardır bunlar. Bunlar Albaniyaya işğalçılıq niyyəti ilə gələn Roma-Bizans sərkərdələri tərəfindən qeydə alınan məlumatlardır. Beləliklə, tarixə Qafqaz Albaniyası kimi düşən, son dövrlərdə isə Azərbaycan Albaniyası adlandırılan Albaniya dövlətinin özünün ərazisi, dövlət başçısı, pul vahidi və deyək ki, müəyyən atributları vardı, bunlar tarixdə öz izini qoyub. Onu da demək lazımdır ki, Albaniya tarixinin daha dərindən, yeni metodologiya ilə öyrənilməsi çox vacib olduğu üçün, bu istiqamətdə tədqiqatlara başalanıb. Albaniya tarixinin yenidən öyrənilməsi, araşdırılması ilə yanaşı, həm də onun təbliğ edilməsinə çox böyük ehtiyac var. Məsələn, mən o vaxt Bərdə haqqında dissertasiya yazana qədər Bərdə barədə Azərbaycan tarixində cəmi 4 səhifə material vardı. Ondan artıq yox idi... Albaniyanın paytaxtı olmuş Bərdə haqqında tarixşünaslığımızda çox az məlumat vardı. Hətta Bərdənin tarixi sovet ideologiyasına uyğun şəkildə “cavanlaşdırılaraq” orta əsr şəhəri kimi qələmə verilmişdi. Amma arxeoloji qazıntılar nəticəsində öyrəndik ki, Bərdə şəhəri orta əsrlər şəhəri deyil, bu şəhər eramızdan I minilliyin ortalarına yaxın yaranmış bir şəhərdir. O, Uti nayihəsinin mərkəzi idi və sonra da bütün Albaniyanın mərkəzinə çevrildi...
Albaniyanın tarixi yenidən öyrənilir. Hələlik bu barədə ətraflı danışmaq istəmirəm, proses başlayıb, işləyirik. Amma bir neçə institutda bu istiqamətdə işlərə başlanıb. Hesab edirəm ki, Albaniya tarixi ilə bağlı daha maraqlı məlumatlar, faktlar əldə edə bilərik. Yenə də deyirəm, əsas məsələ təbliğatla bağlıdır ki, biz dayanmadan təbliğatımızı davam etdirməliyik” - deyə Q.Hacıyev vurğuladı.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.