Məlum olduğu kimi, ABŞ kibermüharibənin dəstəklənməsi üzrə ilk taborunun formalaşdırılması zamanı Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsindən yararlanacaq. Bunu ABŞ Silahlı Qüvvələrinin Kiberkomandanlığının rəhbəri, general-leytenant Stiven Foqarti deyib.
O, sözügedən məsələ ilə bağlı bildirib ki, ABŞ bu ilin yayından ilk kiberbirləşməsini yaratmağı və sınaqdan keçirməyi planlaşdırır. Azərbaycanın müharibə təcrübəsi yeni birləşmədə tətbiq olunacaq üsullardan biri olacaq. Bununla belə, amerikalı general qeyd edib ki, Azərbaycanın Ermənistanı yalnız pilotsuz uçuş aparatları sayəsində məğlub etməsi fikri ilə razı deyil: “PUA-ların erməni hədəflərinə hücum etməsi üçün, ilk növbədə, onları tapmaq lazım idi. Onlar elektron avadanlıqlar vasitəsilə müdafiəni sıradan çıxarmalı idilər. Bunun üçün geniş məlumatlar toplamalı və zərbə endirilməsi barədə sürətli qərar qəbul etməli idi. PUA-lar, əlbəttə ki, vacibdir, amma informasiya aspekti də kritik əhəmiyyət daşıyır”.
Bütün hallarda, kibermüharibə ilə bağlı ABŞ kimi böyük bir dövlətin Qarabağ müharibəsi təcrübəsini öyrənməsi nə deməkdir?
“Döyüşlərdə bilavasitə dünya hərb elminin ən müasir uğurları, yenilikləri öz əksini tapdı”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, ABŞ kimi super dövlətin Qarabağ müharibəsinin elektron tərəflərini öyrənməsi mühüm hadisədir: “Çünki İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş vasitələri tamamilə yeni reallıq yaratdı. Məlum oldu ki, heç də hər zaman bahalı hərbi aviasiya vasitələrindən istifadə etməyə ehtiyac yoxdur. 44 günlük müharibə tank birləşmələrinin müasir müharibədə istifadə edilməsinin nə dərəcədə effektiv olub-olmamasını ortaya qoydu. Dünya praktikasında müharibə təcrübələrindən istifadə etmək bir norma kimi qəbul olunur. Azərbaycanın müharibə zamanı həyata keçirdiyi taktika və strategiya, bütün mənalarda, yüksək dəyərləndirilir. Çünki bu döyüşlərdə bilavasitə dünya hərb elminin ən müasir uğurları, yenilikləri öz əksini tapdı. Üstəlik, bu yeniliyin özünün də bəzi tələbləri var. Həmin tələblər də Azərbaycan tərəfindən çox ciddi şəkildə gözlənildi. Təkcə silahı əldə etmək uğur qazanmaq demək deyil. O silahı idarə edə biləcək taktika və strategiyanın düzgün seçilməsi, silahı idarə edəcək kadrların düzgün müəyyən olunması məsələsi var. Uğurumuz ondadır ki, Azərbaycan bütün bu mərhələləri peşəkarlıqla keçdi. ABŞ hərbi dairələri gördülər ki, biz işğal olunmuş ərazilərdə düşmənin hava hücumundan müdafiə vasitələrini necə sıradan çıxardıq. Faktiki olaraq həmin vasitələrin çoxu məhv edilərək hava hücumundan müdafiələri iflic edildi. Ermənistanın əlində olan hava hücumundan müdafiə vasitələri bizim radioelektron vasitələr qarşısında aciz qaldı. Hansı ki, miqyas baxımından elə də böyük ərazi deyildi. Ona görə də ABŞ kimi super dövlət Azərbaycan Ordusunun təcrübəsini bu cür diqqətlə öyrənir. Nəzərə almaq lazımdır ki, müasir radioelektron vasitələr real döyüşlərdə tətbiq edildi. Bununla belə, Azərbaycan son 30 ildə dünyanın müasir hərbi vasitələrinin ən yaxşılarını əldə edib öyrəndi. Bütün bunlarda Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətləri var. Onun fövqəladə xarakteri və siyasi iradəsi sayəsində bunlar mümkün oldu”.
Hərbi ekspert onu da qeyd etdi ki, nəinki ABŞ, əksər dünya ölkəsi Azərbaycanın döyüş təcrübəsini öyrənir.
Vidadi ORDAHALLI