Erməni mediası yazır ki, rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Ermənistanda hay-küyə səbəb olmuş bəyanatına sükutla reaksiya verdiyi bir vaxtda bu məsələ ölkənin ekspert icmasında ciddi müzakirə olunur.
Məsələ ondadır ki, A.Rudenkonun “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qapıları Azərbaycan üçün də açıq olmalıdır” fikri erməni ekspertləri və mediasının bərk narahatlığına səbəb olub. Ermənistanın əksər ekspertinin fikrincə, istər 44 günlük müharibə ərzində, istərsə də indi guya Rusiyanın fəaliyyətsizliyində məqsəd Azərbaycanın Kremlin rəhbərliyi altında olan bu hərbi bloka cəlb edilməsi olub. Ümumilikdə, məlum yanaşmanı Rusiyanın Ermənistana xəyanəti kimi təqdim edirlər: “Bu gün ruslar bizim nominal müttəfiqimiz ola-ola Azərbaycan gündəliyini formalaşdırırlar, bu gündəliklə razılaşırlar və bu gündəliyi bizim ziyanımıza reallaşdırırlar. İkincisi, onlar Ermənistanın beynəlxalq arenadakı mövqelərini sarsıdır, bizim xarici aləmlə təmasımızı məhdudlaşdırırlar. Son beş ildə Ermənistan Azərbaycanla üç dəfə müharibə aparıb. Söhbət 2016-cı ildəki 4 günlük müharibədən, Tavuş rayonu ilə sərhəddə ötənilki toqquşmalardan və 44 günlük müharibədən gedir. Lakin bütün bunlara baxmayaraq, hazırkı sərhəd gərginliyi vaxtında da Rusiya və KTMT-nin başqa üzvləri Ermənistana birbaşa dəstək verməkdən boyun qaçırıblar, əvəzində Azərbaycana iri həcmdə hücum silahları satıblar”.
Görünən odur ki, KTMT məsələsi Ermənistan dairələrində ciddi təşviş yaradıb.
“Ermənistanı narahat edən başlıca məqam KTMT-də təmsil olunan ölkələrin Azərbaycanla yaxın münasibətləridir”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafov Ermənistanda KTMT ilə bağlı yaşanan narahatlığa bir neçə prizmadan yanaşdı: “Əvvəla Rusiya zaman-zaman Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və KTMT-yə qoşulmasının tərəfdarı olduğunu bildirib. Çünki hər iki təşkilata Azərbaycanın qoşulacağı təqdirdə bu qurumların beynəlxalq nüfuzunun artacağı birmənalıdır. Azərbaycan olduqca strateji bir bölgədə yerləşir. Ancaq Rudenkonun bu açıqlamasına, ən azından, KTMT-nin qüvvədə olan nizamnaməsi baxımından yanaşmaq lazımdır. KTMT-nin qüvvədə olan nizamnaməsinə görə, üzv dövlətlər arasında diplomatik münasibətlərin olması vacibdir. Ancaq Azərbaycan və Ermənistan arasında məlum səbəblərdən diplomatik münasibət yoxdur. Bu səbəbdən Azərbaycan məlum təşkilatlara qoşulmağa tələsmir. İkincisi, Azərbaycan Qoşulmama Hərəkatında təmsil olunur. Üzərinə müəyyən öhdəliklər götürüb. Bu baxımdan, Azərbaycanın KTMT-yə üzv olması mümkün deyil. Ermənilərin Rudenkonun açıqlamasından belə narahat olmaları bir sıra məsələlərdən irəli gəlir. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanın yaxın perspektivdə KTMT-yə üzv olması mümkün deyil. Sadəcə, bütün bunlardan sui-istifadə edərək Rusiyaya mesaj verirlər. Mesajın mahiyyəti odur ki, belə yanaşma davam edərsə, Ermənistan KTMT-də təmsil olunma məsələsinə yenidən baxa bilər. Qərbə inteqrasıya yolunu tuta bilər. Ona görə də bu, Ermənistanda müəyyən dairələrin Kremlə mesajı kontekstində qəbul olunmalıdır. Düzdür, Ermənistanın praktiki baxımdan belə bir imkanları yoxdur. Ancaq nəzərə alsaq ki, üç il əvvəl ölkədə “məxməri inqilab” oldu və Sorosçular hakimiyyətə gəldi, o baxımdan müəyyən cəhdlər ola bilər. Ermənistanı narahat edən başlıca məqam KTMT-də təmsil olunan ölkələrin Azərbaycanla yaxın münasibətləridir. Bu faktor, faktiki olaraq, İrəvanın təşkilatdan öz məqsədləri üçün ölkəmizə yönəlik istifadə etməsinə imkan vermir. Əksinə, həmin ölkələr həm də Azərbaycana silah satışını əngəlləmirlər”.
Politoloq onu da qeyd etdi ki, hansı proseslərin getməsindən asılı olmayaraq, Ermənistan uğursuzluğa məhkumdur.
Vidadi ORDAHALLI