Son günlər Ermənistan ordusu yenidən bizi təxribata çəkməyə çalışır. Açıq-aşığına hərbi əməliyyatların başlanmasına yönələn cəhdlər edir. Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Mayın 27-də saat 03.00 radələrində isə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb:
“Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin, tanklar da daxil olmaqla, bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Ermənistanın cəbhədəki təxribatlarını bir neçə amillə izah edirlər. Bir sıra ekspertlər hesab edir ki, bununla Ermənistan vəziyyəti gərginləşdirib, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təxirə salmaq istəyir. Digər versiyalara görə isə, Ermənistan bu cür təxribatları ilə çalışır ki, prosesə KTMT-ni qoşsun. Ancaq bu cəhd artıq bir neçə dəfə uğursuz alınıb. Ermənistanın son hərbi təxribatları ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi-siyasi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Ermənistanın bu məsələyə iki yanaşması ola bilər: “Bizincisi budur ki, belə təxribatlar Paşinyana qarşı olan revanşistlər tərəfindən törədilir. Bununla onun imicini zədələməyə, ölkənin başını yenə müharibəyə qatmağa çalışırlar. Həmçinin, Ermənistana üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün şans yaratmağa çalışırlar. Digər versiya isə bütün bunların Paşinyanın tapşırığı ilə həyata keçirilməsi ilə əlaqəlidir. Birinci versiya daha inandırıcı görünür. Bütün bunları Paşinyanın etməsilə bağlı konkret dəlil ortaya qoymaq çətindir. Ancaq ola bilər ki, Paşinyan seçki ərəfəsində öz reytinqini qaldırmaq üçün belə manevrlər etsin. Düşünürəm ki, Paşinyan xırda manevrlərlə kifayətlənmək istəyər. Eskalasiyanın dərinləşməsi ona sərf etmir. Çünki Ermənistan ordusu hazırda müharibə aparmaq gücündə deyil. Daxili ictimai rəydə öz nüfuzunu qaldırmaq üçün sərhəddəki ərazilərimizdə dirəniş göstərir. Ümumilikdə Ermənistanın rəsmi qurumları məğlubiyyəti qəbul etsələr də, dərində bundan qane olmadıqlarını görürük. Ona görə də bütün vasitələrdən istifadə edərək təxribatlar törədillər. Bununla çalışırlar ki, Azərbaycanın başını yeni problemlərə qatsınlar”.
Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi bunun qarşısını ustalıqla alır: “Biz görürük ki, həm hərbi, həm də informasiya savaşında ermənilərin bütün təxribatları ifşa olunur. Hesab edirəm, xüsusilə də informasiya sahəsində fəaliyyətimizi gücləndirməliyik ki, Ermənistan dünya ictimaiyyətini aldada bilməsin. Azərbaycan Rusiyaya tez-tez üzərinə götürdüyü öhdəlikləri xatırlatmalıdır. Yeni müharibənin başlanması Ermənistana xeyir verməyəcək. Qarabağ ərazisində erməni hərbi qruplaşmaları qalmamalıdır. Əks təqdirdə, Azərbaycan antiterror əməliyyatlarına başlamalıdır”.
Məhəmmədəli QƏRİBLİ