“Bu gün Ermənistanın ordusu belə yoxdur. O tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbuledilən çərçivədən tam uzaqdır”. Bu fikirləri Prezident İlham Əliyev bir neçə gün əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələr zamanı səsləndirib.
Elə hazırda Ermənistanda baş verənlər də bu ölkənin ordusunun tamam darmadağın olması haqda Azərbaycan tərəfinin səsləndirdiyi fikirlərin tam reallığı əks etdirdiyini göstərir. Bunu Ermənistanın “Joxovurd” qəzetinin yazdıqları da təsdiq edir. Qəzetin yazdığına görə, erməni ordusunda idarəçilik sarıdan da böhranlı vəziyyət yaranıb: “Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyuyanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın münasibətləri gərgindir. Ordunun rəhbərliyində fikir ayrılığı var. Qeyri-rəsmi mənbələr bildirib ki, Baş Qərargah rəisi A.Davtyan verdiyi əmr və tapşırıqları müdafiə naziri V.Arutyunyanla müzakirə etmir, onunla məsləhətləşmir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın da vəziyyətdən xəbərdar olduğu bildirilib. Başqa məlumatlara görə, Müdafiə Nazirliyində əsas fiqur Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyandır. Nazirlikdəki bir çox məsələləri o idarə edir. Başqa sözlə, Arşak Karapetyan Baş Qərargah rəisi və müdafiə nazirinə tabe deyil və nazirliyin kölgə meneceridir. O, Müdafiə Nazirliyini idarə edir”. Qeyd edək ki, A.Karapetyan 2018-ci ilin aprelinədək Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi, hakimiyyət dəyişikliklərindən sonra baş nazirin müavini işləyib. “ArmLur” nəşri isə qeyd edir ki, Paşinyan generallardan canını qurtarmağa çalışır və bu səbəbdən yaxın gələcəkdə Ermənistan Müdafiə Nazirliyində yeni ixtisarlar və kənarlaşdırmalar olacaq: “Məlumata görə, bu günlərdə Ermənistan Müdafiə Nazirliyində ciddi danışıqlar var ki, Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları İdarəsinin rəisi Armen Vardanyan, Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinin rəisi, general-mayor Poqos Poqosyan, Ermənistan Silahlı Qüvvələrinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor İşxan Matevosyan da vəzifəsindən azad olunacaq. Ermənistan MN-də yeni təyinatlara paralel olaraq bəzi idarə rəislərinin azad edilməsi məsələsi aktiv şəkildə müzakirə olunur”.
“Joxovurd” qəzeti bu məlumat fonunda iddia edir ki, Paşinyan generalların sayını azaltmaq məsələsini Rusiya ilə razılaşdırıb və ölkənin təhlükəsizliyinin təmin edilməsində rusların rolunu artırmağa hazırlaşır: “Ermənistanda qızğın görünən daxili siyasi həyat əslində ənənəvi hala çevrilmiş ideologiyasız, mənasız, tez-tez söyüşlü ifadələlə qarışmış səs-küydən başqa bir şey deyil. Gecə-gündüz “əziyyət çəkdiyini” iddia edən erməni siyasi xadimlərdən ibarət böyük bir qrup sosial şəbəkələrdə açıq nitqdə söyüşdən istifadə edir. Erməni siyasi xadimlər tərbiyəli insana uyğun olmayan davranış göstərir və bundan sonra yüksək dəyərlərdən danışırlar. İctimai fikri araşdıran şirkətlərdən birindəki mənbələrimizin məlumatına görə, getdikcə Ermənistanda Kremlin iradəsi və ya necə deyərlər, Moskvanın “dobro”su olmadan heç nə baş vermədiyindən əmin olan insanların sayı artır. İnsanlar gündən-günə artan çox sadə bir sualı qaldırmağa başlayıblar ki, müxalifət hakimiyyətə gəldikdən sonra regionda rus qərarlarına qarşı mübarizə aparacaqmı, Putini 10 noyabr razılaşmasından imzasını geri götürməyə məcbur edə biləcəkmi, yaxud ruslara bu və ya digər məsələdə “yox” deyə biləcəkmi... Bu suallar fonunda isə görünən odur ki, Rusiyanın diqtəsi getdikcə daha da artır. Hətta bu xüsusda iş o yerə çatıb ki, ordu və generalitet də tədricən ixtisar edilir”. Bundan əvvəl də Ermənistanda nəşr olunan "Qraparak" qəzeti ordunun ləğvi istiqamətində addımlar atıldığını bəyan etmişdi: “Nikol Paşinyan parlamentin iclasında açıq şəkildə etiraf etdi ki, erməni ordusu ayrıca struktur kimi mövcud olmayacaq. Ermənistan ordusu Rusiya ordusunun tərkibində təşkil olunacaq. Ermənistanın xarici təhlükəsizliyinin təminatçısı erməni-rus ittifaqı olacaq. Paşinyan bu xüsusda bildirib: "Biz Rusiya hərbi bazalarının genişləndirilməsi və Zəngəzurda müdafiə məntəqəsi yaradılmasını düşünürük".
Ümumiyyətlə, reallıq ondan ibarərdir ki, Ermənistanda mütəşəkkil, nizami ordu heç vaxt olmayıb. Təsadüfi deyil ki, Ermənistan ordusu ilə bağlı uydurulan mif hələ 2016-cı ilin aprelində ordumuz tərəfindən darmadağın edildi. Sadəcə, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ölkəsinin yalançı ordu mifi ilə bağlı təbliğatını özünə təsəlli vermək üçün davam etdirirdi, amma 44 günlük müharibə nəticəsində yeni reallıqla da barışmalı oldu.
Samirə SƏFƏROVA