Dağlıq Qarabağ münaqişəsi başa çatdıqdan sonra gündəmdə yer alan əsas məsələlərdən biri də Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsidir. Bu fonda bir daha qeyd etmək lazım gəlir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi SSRİ-nin dağılmasından sonra iki ölkə arasında sərhədlərin müəyyən edilməsinə imkan verməyib. Ermənistanın işğalçı siyasəti və Azərbaycan ərazilərinin 20 faizini uzun müddət öz nəzarətində saxlaması son 30 il ərzində iki ölkə arasında sərhədlərin müəyyən edilməsini mümkünsüz hala gətirib. Ancaq 44 günlük Vətən müharibəsi artıq tamam fərqli reallıq yaradıb. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla da sərhədlərin delimitasiyası və demarkasiyası artıq zərurətə çevrilib.
Azərbaycan ortaya siyasi iradə qoyub, Ermənistan isə...
Real vəziyyətin təhlili göstərir ki, Ermənistan postmüharibə reallıqlarını qəbul edib əməli addımlar atsa, sərhədlərin müəyyən edilməsi istiqamətində heç bir problem yaşanmaz. İki ölkənin sərhədlərinin delimitasiyası yekun sülh müqaviləsinin imzalanması baxımından da müstəsna əhəmiyyət kəsb edir. Bu xüsusda Azərbaycan lazımı siyasi iradəni nümayiş etdirir. Ölkəmiz ən yüksək səviyyədə müvafiq niyyətini nümayiş etdirib və Prezident İlham Əliyev münaqişə səhifəsinin bağlanması, Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazır olması haqda konkret təklif irəli sürüb. Belə ki, Azərbaycan lideri mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrində bu məsələ haqda danışarkən qeyd edib ki, nə baş verməsindən asılı olmayaraq, biz bir daha gələcəyə baxmalıyıq: “Mən dəfələrlə açıq şəkildə demişəm ki, biz səhifəni bağlamalıyıq, gələcəyə baxmalıyıq. Biz artıq təklif vermişik, lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi cavab verməyib. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırıq. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma risqini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var. Bütün bunlar üçün birgə səylərə ehtiyac var, biz bunu birtərəfli qaydada edə bilmərik”.
Ekspertlər qeyd edir ki, hazırkı vəziyyətdə Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər. Bu, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, təhlükəsizliyin təmin edilməsi baxımından da böyük önəm kəsb edir. Təbii ki, bu baxımdan beynəlxalq ictimaiyyətin, regionda marağı olan güclərin fəaliyyətinin əsas istiqaməti Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs rejiminin inkişaf etməsi və bu iki dövlətin əlaqələrinin qurulması, sülh sazişinin imzalanması olmalıdır. Bu fonda şimal qonşumuz artıq lazımı mövqe sərgiləyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər arasında əldə edilən ilkin razılaşmaya əsasən, Rusiya sərhədlərin demarkasiya və delimitasiyasına başlanmasına səy göstərmək üçün təklif irəli sürüb: “Bu məqsədlə Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişik. Eyni zamanda, Rusiyanın prosesdə məsləhətçi və vasitəçi kimi iştirakını təklif etmişik”. ABŞ prezidenti Cozef Bayden də Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubunda ölkəsinin Azərbaycanla Ermənistan arasında məsələnin çözümündə uzunmüddətli siyasi həllə dair danışıqlarda kömək etməyə sadiq qaldığını bildirib. Deməli, dünya gücləri də Cənubi Qafqazda vəziyyətin sabitləşməsini istəyir. İndi əsas məsələ Ermənistanın da bununla bağlı real addımlar atmasıdır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması halında çoxillik münaqişəyə birdəfəlik son qoyulması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi cəhətdən ciddi problemlərlə üz-üzə olan Ermənistanın iqtisadi dirçəlişi, son nəticədə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi reallaşacaq.
Razılıq olmasa, Ermənistanın gələcəyi sual altına düşəcək…
Hazırda Ermənistanda gələn ay keçiriləcək növbədənkənar parlament seçkiləri fonunda bu ölkə hakimiyyəti Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində hansısa real addım atmağa cəsarət etmir. Halbuki, bunun indi Ermənistana ziyanı daha böyükdür. Erməni ekspert Akop Köçəryan bildirir ki, Azərbaycanla mübahisələr Ermənistanı qeyri-sabit duruma sürükləyir və bu da ciddi problemlərə rəvac verir. Bu fonda o qeyd edir ki, Ermənistanda qeyri-sabit vəziyyət pik nöqtədə qalmaqda davam edir: “Dövlətçiliyi itirmək təhlükəsi böyükdür. Ermənistan hakimiyyəti, nəyin bahasına olursa-olsun, öz yerində qalmaq üçün çabalamağa davam edir. Müharibənin bitməsindən 6 ay keçsə də, ölkədə problemlər və risqlər azalmır. Ən çox qorxduğumuz şeylər baş verir. Xarici investorlar ölkədəki gərgin vəziyyətə görə Ermənistan iqtisadiyyatına sərmayə yatırmaqdan imtina edir. Bu azmış kimi, Ermənistandan investorlar qaçır. Hamı başa düşür ki, Ermənistan tənəzzülün bir addımlığındadır. Rəsmi məlumata görə, cari ilin üç ayı ərzində xarici rezidentlər Ermənistanın bank sistemindən 125,5 milyard dram və ya 241 milyon dollar çıxarıblar. Belə davam edərsə, vəziyyət daha kritik xarakter alacaq”.
Lakin görünən budur ki, Ermənistanda siyasi məqsədlərinə çatmaq üçün revanşist qüvvələr hələ də bu reallığı qəbul etmək istəmir. Əksinə, onlar vəziyyəti daha da ağırlaşdıran mövqe sərgiləyir. Məsələn, “Qarabağ klanı”nın təmsilçilərindən olan Serj Sarkisyanla ittifaq bağlayan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan bildirir: “Müharibənin başa çatmasına baxmayaraq, Ermənistan ərazi itkiləri verməyə davam edir. Son günlərdəki hadisələrin inkişafı göstərdi ki, müharibənin başa çatmasından aylar sonra belə kapitulyant Nikol Paşinyanın təkbaşına qərarı ilə bir çox kəndlər və şəhərlər rəqibə təhvil verildiyi halda, Ermənistan da ərazi itkiləri verməyə davam edir”. Onun sözlərinə görə, Ermənistan dövləti sabah öz taleyinə qərar vermək imkanını Azərbaycana təhvil verir. Erməni politoloq Armen Vardanyan da məsələyə eyni prizmadan yanaşır: “Ötən günlərdə prezident İlham Əliyev “Twitter” rəsmi səhifəsində bildirib ki, Ermənistanla yeni sülh müqaviləsi üzərində işləməyə hazırdır. Sülh müqabiləsi imzalanarsa, faktiki olaraq, diplomatik münasibətlər də qurulacaq, bu isə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımalı olduğu deməkdir. Əslində İlham Əliyev bildirdi ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır, lakin Ermənistan da, Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Yəni Azərbaycanın son məqsədi odur ki, Ermənistan Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etsin”. Onun sözlərinə görə, bənzər müqavilə problemi Ermənistanın istədiyi formada həll etmək üçün əsas ola bilməz. Bütün bunlar Ermənistanda revanşist qüvvələrin sülh prosesinə əngəl yaratmağa çalışdığını göstərir. Halbuki, Ermənistan Azərbaycanla razılaşmasa, bu ölkənin məhvi qaçılmazdır.
Sərhəd spekulyasiyaları Ermənistana baha başa gələ bilər…
Ermənistan mediasında da proseslərə maraqlı yanaşma sərgilənir. “168.am” nəşri qeyd edir ki, Azərbaycan istəyinə çatacaq və bunun üçün müvafiq arqument bazası da yaradıb: “Bu günlərdə Nikol Paşinyan parlamentdə bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan Sovet Azərbaycanına məxsus ərazilər var. Bu halda ermənilər Şəmşəddindən, Noyemberyandan mövqelər itirə bilər. Tavuşda SSRİ xəritəsinin tətbiq olunması halında, mümkündür ki, Voskepar yolundan artıq istifadə edə bilməyək və Azərbaycan bütün yolu götürsün, çünki SSRİ xəritəsinə görə, onların ərazisindən keçir. Yəni birdən SSRİ xəritəsi Tavuş vilayətinə şamil edilsə, biz Voskepar yolunu, Azatamut (İcevan-Bred), Kirants və Voskepar sektorlarını (İcevan-Noyemberyan) itirəcəyik”.
Elə Ermənistanın “pastark.am” nəşri də bu fonda olduqca maraqlı məlumat yayıb. Nəşrə yaxın olan mənbələrin məlumatına görə, indi Tavuş vilayətinin Voskepar kəndinin yaxınlığında yerləşən, xəritədə qırmızı oxla verilmiş və meşəlik zona olan ərazidə geniş miqyasda ağacların kəsilməsi həyata keçirilir. Ağacların kəsilməsi göstərişi Ermənistanın dövlət strukturları tərəfindən verilib: “Belə çıxır ki, dövlət strukturları torpağı müdafiə etmək haqqında düşünmək əvəzinə torpağı təhvil verməkdən və bundan müəyyən qədər faydalanmaqdan narahatdırlar”. Erməni ekspert Qarnik Davtyan bildirib ki, azərbaycanlılar 44 günlük müharibədə qazanılmış qələbəni əsas qəbul edərək Ermənistan hakimiyyətinə müəyyən xəritələri təqdim edir. O qeyd edib ki, azərbaycanlılar Cermukda irəli gəliblər, Vayots Dzor və Süniki bağlayan hissəni birbaşa nişangah altına götürüblər. Erməni hərbi ekspert, “Henaket” analitik mərkəzi ictimai təşkilatının rəhbəri Tiqran Abrahamyan düşünür ki, problem daha aydındır: “Xarici İşlər Nazirliyi vasitəsilə aparılan proses var və bunun kölgəli hissəsi var ki, bunu baş nazir başqa şəxslər və ya bəlkə də struktur vasitəsilə həyata keçirir. Son üç ildə Nikol Paşinyan hansı prosesə giribsə, bu, müharibə və ya ərazi itkiləri ilə başa çatıb. Paşinyan Qarabağdan danışmır, onun üçün Qarabağ səhifəsi artıq qapanıb. Azərbaycan 5 anklava sahibləndikdən sonra türk sülhməramlıları yerləşdirmək məsələsini qaldıracaq”. Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir. Lakin indi Ermənistanda müəyyən qüvvələr bunu spekulyasiya mövzusuna çevirir. Halbuki, bu prosesi əngəlləmək Ermənistana baha başa gələ bilər. Bunu 44 günlük müharibənin nəticələri də göstərdi.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.