Rusiya prezidenti Vladimir Putinin verdiyi bir açıqlama geniş müzakirələrə səbəb olub. Məzmun etibarilə narahatlıq doğura bilən açıqlamada Putin bunları deyib: "Sovet İttifaqı tarixi Rusiyadan başqa bir şey deyildi. Düzdür, həmin dövlət fərqli adlanırdı və ideoloji məzmun da eyni deyildi. Ancaq geopolitik nöqteyi-nəzərdən Sovet İttifaqı birmənalı şəkildə tarixi Rusiya idi".
Göründüyü kimi, Kreml sahibi olduqca açıq mətnlə ciddi mesajlar verib. Prezident V.Putin demək istəyir ki, bu gün özünü postsovet ölkəsi hesab edən dövlətlərin ərazisi Rusiyaya məxsusdur. Və bu, postsovet dövlətlərinə yönəlik dolayı təhdid də sayıla bilər. Bir sıra analitiklər hesab edir ki, V.Putin bu açıqlama ilə Rusiyanın imperialist hədəflərindən qətiyyən uzaqlaşmadığını sezdirir. Üstəlik, Kremlə qarşı çıxa biləcək postsovet ölkələrini xəbərdarlıq edərək, hədələmiş olur. Putinin bu mesajlarından daha hansı nəticələri çıxarmaq olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda dünyadakı güc qütbləri arasında kəskin qarşıdurma yaşanır: “Xüsusilə də Baydenin ABŞ prezidenti vəzifəsinin icrasına başlamasından sonra münasibətlər soyuq müharibə dönəmindən də ağır vəziyyətə gəlib. Tərəflər bütün təsir dairələrində bir-birinə əzələ nümayişi ortaya qoyur. Diqqətçəkən məqamlardan biri budur ki, bir sıra keçmiş sovet respublikaları NATO təlimlərində fəal iştirak edir. Qeyd edək ki, son zamanlarda yalnız ABŞ-Rusiya münasibətləri deyil, həmçinin Avropa-Rusiya münasibətlərindəki gərginlik də yüksələn xətt üzrə gedir. Qərb ciddi-cəhdlə Rusiyanı sıxışdırmağa başlayıb. Rusiya da buna cavabsız qalmır, ətrafına Türkiyə və Çin kimi tərəfdaşlar yığır. Rusiyanın 2014-cü ildə Krımı işğal etməsindən sonra isə bu məsələ daha da böyüdü. Rusiya, demək olar ki, yenidən Ukraynanı özünə birləşdirmək istəyirdi. Son gəlişmələrin fonunda isə Rusiya öz qüvvələrini Qarabağda yerləşdirdi. Qərb Rusiyanın bu şübhəli fəallıqlarını nəzərə alaraq, onu dayandırmağa çalışır. Bu baxımdan da Putin həm keçmiş sovet ölkələrinə dolayası ilə xəbərdarlıq edir, həm də Qərbə mesaj verir ki, bu əraziləri özünün arxa bağçası sayır. Çox güman ki, Baydenlə bir müddət sonra görüşməsinin ardından Putin də sakitləşəcək”.
Ekspertin sözlərinə görə, bütün bu açqılamaların fonunda Azərbaycan öz ehtiyatını saxlamalıdır: “Qüvvələr arasında məsafədə qalmağı, balanslı davranışlar ortaya qoymağı bacarmalıdır”.
Məhəmmədəli QƏRİBLİ