Ermənistanın Müdafiə Nazirliyinin İkinci Qarabağ müharibəsində verdiyi itkilərlə bağlı açıqladığı rəqəmlər həqiqəti əks etdirmir. Çünki müasir pilotsuz uçuş aparatları və peyk sistemlərindən müşahidələr onu göstərir ki, Ermənistanın real itkiləri daha böyük olub.
Bu arada erməni mediası Ermənistanın 44 günlük müharibədə həqiqi itkiləri ilə bağlı yeni faktlar ortaya qoyub. Məlum olur ki, döyüşlərdə 9 min nəfərə yaxın erməni əsgəri məhv edilib. Qeyd edilir ki, təkcə “Yerablur” adlı hərbi qəbiristanlıqda 5 minə yaxın hərbçi basdırılıb: “Hələ də yeni məzarlar qazılmaqdadır. Orası da var ki, söhbət minlərlə hərbçinin dəfnindən gedir. Təbii ki, müxtəlif səbəblərdən onların heç də hamısı “Yerablur”da dəfn olunmayıb. Bir çox erməni əsgər doğulduğu bölgələrdə dəfn olunub. 44 günlük müharibədə ölənlərin sayı 9 min nəfərə yaxındır. XXI əsrdə dünyanın heç bir yerində bu qədər qısa vaxtda bu sayda itki ilə müşayiət olunan müharibə olmayıb. Hakimiyyət hələ də real itkiləri gizlədir”.
Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanın həqiqi itkiləri rəsmən bəyan ediləndən daha çoxdur. Hakimiyyət isə cəmiyyətdən və müxalifətdən çəkindiyi üçün real itkilərin həqiqi sayını gizlədir.
“Ölkə hakimiyyəti nə qədər manipulyasiya etsə də, artıq cəmiyyət itkilərin faciəvi bir ölçüdə olmasının fərqindədir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanın müharibənin gedişində minlərlə itki verməsi ilə bağlı çoxsaylı fakt var. Məsələ ondadır ki, hələ də işğaldan azad edilən ərazilərdə erməni əsgərlərinin cəsədlərinin tapılması bunu sübut edir. Ümumiyyətlə, erməni hakimiyyəti rəsmi rəqəmləri gizlədir və itkilərin sayı deyildiyindən daha çoxdur. O da məlumdur ki, qısa bir müddətdə bu qədər hərbçisini itirməsi Ermənistan üçün fəlakətdir. “Yerablur” qəbirstanlığında qəbirlərin qazılması və orada çoxsaylı təzə qəbrin olması onu göstərir ki, bu müharibə Ermənistan üçün acı nəticələrə gətirib çıxardı. Demək olar ki, Ermənistan hakimiyyəti nə qədər manipulyasiya etsə də, artıq cəmiyyət itkilərin faciəvi bir ölçüdə olmasının fərqindədir. Düşünürəm ki, Ermənistanda revanşistlər bundan nəticə çıxarmalı və Qarabağa iddialarından əl çəkməlidirlər. “Dəmir yumruq” hərbi əməliyyatı məhz belə olmalı idi. Bir də ermənilər geriyə baxıb, öz səhvlərinə görə bu məğlubiyyətdən nəticə çıxarıb, gələcəklərini düzgün qurmalıdırlar. Bu rəqəmlər onu göstərir ki, Ermənistan tərəfi bataqlıqdadır. Oradan çıxmaq üçün mütləq sülhə üstünlük verməlidirlər”.
Politoloq onu da qeyd etdi ki, ermənilər məğlubiyyətlə barışmağa məhkumdurlar.
Vidadi ORDAHALLI