“Sizin sayənizdə Azərbaycanın necə qüdrətli dövlət olduğunu...” - Azərbaycan atçılıq ictimaiyyəti adından Prezidentə müraciət olundu

img

“İllərdir həsrətində olduğumuz, Azərbaycanın ayrılmaz hissəsi olan, əzəli Qarabağ torpağımızı, xüsusilə Şuşa şəhərini erməni qəsbkarlarından azad edib bizə qaytardığınız üçün Sizə dərin minnətdarlıq hissi duyur, bu şanlı zəfəri bizə yaşatdığınız üçün təşəkkür etməyi özümüzə borc bilirik. Sizin sayənizdə bütün dünya şahid oldu ki, Azərbaycan necə qüdrətli və güclü dövlətdir.

Artıq Azərbaycanımız bütövdür, hər hansı hissəsi mübahisə məsələsi deyil. 44 günlük müharibə ilə əsrlər boyu dillərdən düşməyəcək zəfərə imza atdınız. Siyasi iradəniz, qətiyyətiniz, zəfəriniz sayəsində bir yumruq kimi ətrafınızda birləşən Azərbaycan xalqı hər zaman Sizin yanınızdadır.

Ölkəmizin dövlət sərhədi bərpa edildi, torpaqlarımızın işğaldan azad olunması ilə bərabər davamlı sülhün əsası qoyuldu. Bundan böyük Qələbə ola bilməz.

Dövlət sərhədimizin bərpa olunması münasibətilə Sizi təbrik edirik. Biz atçılıq ailəsi adından bildirmək istəyirik ki, müharibə dövründə olduğu kimi indi də Sizin və Ordumuzun yanındayıq, verdiyiniz bütün tapşırıqları milli atlarımızın belində, əllərimizdə şanlı Azərbaycan Bayrağı ilə yerinə yetirməyə hazırıq.

Tezliklə, milli sərvətimiz olan Qarabağ atlarından ibarət Çövkən, Cıdır və digər milli oyunlarımızın doğma yurdumuz Şuşada – Cıdır düzündə keçiriləcəyi günü gözləyirik.

Bu Qələbə uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik.

Qələbələrin ən böyüyünü, ən alisini Sizin rəhbərliyiniz ilə qazandıq. Əzəli torpaqlarımıza qayıtdıq. Əminik ki, bundan sonra da bütün sahələrdə yeni-yeni qələbələr bizi gözləyir. İrəlilədiyiniz bütün yollarda Sizə cansağlığı və müvəffəqiyyətlər arzu edir, Sizinlə və şanlı Ordumuzla fəxr edirik”. Bunu Prezident İlham Əliyevə müraciətlərində Bakıdan Azərbaycan atçılıq ictimaiyyətinin təmsilçiləri bildirib.

Baki-xeber.com

Son xəbərlər