Putinin yeni maraqlı ümidi - Qarabağda hərtərəfli tənzimlənmə üçün baza şərtləri yetişir...

Qabil Hüseynli: “Bütün bunlar onu deməyə əsas verir ki, proses artıq startını götürüb”

img

Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşdə münaqişənin hərtərəfli tənzimlənəcəyinə ciddi ümidlər bəslədiyini və bu istiqamətdə mühüm addımların atılacağını bildirib. Onun sözlərinə görə, Qarabağ üzrə üçtərəfli Bəyanat ardıcıl şəkildə reallaşdırılır:

"Qarabağ üzrə razılaşmalar ardıcıl şəkildə reallaşdırılır, bu, münaqişənin ədalətli əsaslarla həlli üçün ilkin şərtlər yaradır”. Rusiya prezidenti qeyd edib ki, Dağlıq Qarabağda vəziyyət sakit olaraq qalır, artıq 48 minə qədər qaçqın regiona qayıdıb: "Rusiya, Azərbaycan və Ermənistanın xüsusi üçtərəfli qrupu Qarabağda ticari və iqtisadi əlaqələrin bərpası məsələləri ilə məşğul olacaq".

O vurğulayıb ki, bu işçi qrupuna baş nazir müavinləri rəhbərlik edəcək.

Putinin problemin hərtərəfli həlli ilə bağlı ümidləri özünü  doğrulda bilərmi və buna nə zaman başlanacaq?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Moskva görüşündən bir çox yeniliklər gözləməyə dəyər: “Xüsusilə də Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin gündəliyə salınmaması prosesin tənzimlənməyə doğru getdiyini göstərir. Xüsusilə də Putinin dilindən artıq Dağlıq Qarabağ ifadəsinin eşidilməməsi də maraq doğurur. Putin artıq Qarabağ deyə xitab edir. Bu da onu subut edir ki, belə bir problem artıq yoxdur və gündəmdə də deyil. Onun nə vaxtsa yenidən gündəmə gələcəyini söyləmək çətindir. Artıq yeni regional əməkdaşlığın əsasları qoyulur. Bölgə bütün diqqətini yeni iqtisadi əməkdaşlıq formatlarına yönəldib.  Bundan doğan hərtərəfli inkişafla bağlı artıq prosesə start verilib. İşçi qruplar yaradılıb və hər üç ölkədə onlara rəhbərlik edəcək şəxslərin kimliyi müəyyənləşib. Xüsusi xidmət rəhbərlərinin arasında da görüş olub. Bütün bunlar onu deməyə əsas verir ki, proses artıq startını götürüb”.

Ekspertin sözlərinə görə, Paşinyanın statusla bağlı bəzi ifadələr işlətməsi qətiyyən Ermənistanın prosesdən yayınmaq niyyəti kimi başa düşülə bilməz: “Bunu daxili auditoriya üçün edir ki, onu qayıdanda daşqalaq etməsinlər. Ümumən prosesin tənzimlənməsi və kommunikasiyaların açılması ilk növbədə Ermənistanın marağındadır. Çünki həmin ölkənin iqtisadi durumu olduqca acınacaqlıdır. Başa düşürlər ki, yalnız əlaqələri bərpa etməklə dilənçi vəziyyətindən çıxa bilərlər. Dağlıq Qarabağ problemi, demək olar ki, həllini tapıb. Get-gedə bu istiqamətdə daha yeni reallıqlar yaranacaq və Ermənistanı daha çox öz inkişafı maraqlandıracaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər