Rusiya təklikdə MQ həmsədrləri formatından daha nəticəli işlədiyini ciddi cəhdlə ortaya qoymaqdadır...

Elşən Həsənov: “Bundan sonra da həmin formatın danışıqlarda iştirakı formal mahiyyət daşıyacaq”

img

Son Moskva görüşü və orada əldə olunan razılaşmalar bir daha ATƏT-in Minsk Qrupu formatının tam fiaskoya uğradığını sübut edir. Ortadakı nəticələr açıq-aydın göstərir ki, Rusiya təkbaşına həmin formatdan daha məhsuldar işləyir. 

 

Bir sözlə, Rusiya görür ki, ATƏT-in Minsk Qrupu işə yaramır və hörməti qalmayıb, Türkiyə Azərbaycanı müdafiə edir . Bu səbəbdən də, Türkiyə vasitsilə də proseslərə  müdaxilə edib, ortaya ciddi nəticələr qoyur. Görünən budur ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsində kənarda idi, lakin indi Rusiyanın da razılığı ilə münaqişənin həllində nüfuz sahibinə çevrilib. Rusiyanın son addımları və bunun nəticəsində əldə edilən uğurlar onu deməyə əsas verirmi ki, Moskva təkbaşına Minsk Qrupundan daha məhsuldardı?

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, region dövlətlərinin ətrafda baş verən hadisələrə təsir etmək imkanı olmalıdır: “Rusiyanın belə bir imkana sahib olduğu və bundan istifadə etdiyi ortadadır. Onun istəyilə artıq Türkiyə də prosesə müdaxilə imkanı qazanıb. Minsk Qrupunun digər üzvlərinin belə avtoriteti yoxdur. Fransa açıq şəkildə Ermənipərəst mövqe tutur. Buna görə də onun vasitəçilik cəhdləri  birmənalı qarşılanmır. Daha doğrusu, Azərbaycanda onun səmimiyyətinə inam qalmayıb. Digər həmsədr olan ABŞ-ın isə başı öz daxili probleminə qarışıb.  Bilirsiniz ki, hazırda ABŞ-ın daxilində vəziyyət olduqca gərgindir. Rusiya həm də bu amilləri nəzərə alaraq öz aktivliyini artırıb. Ortada ciddi nəticə var. Son Moskva görüşü bir daha göstərdi ki, Rusiya prosesdə hamını razı salmağa çalışır. Artıq regionda yeni əməkdaşlıq formatları yaranır. Bütün bunlar bir daha sübut edir ki, Minsk Qrupu iflic olub və təşəbbüs tam olaraq Rusiyanın əlinə keçib. Nikol Paşinyanın siyasəti nəticəsində Rusiyanın Ermənistana da təsiri azalmışdı.  Azərbaycan müharibədə əldə etdiyi zəfərlə Ermənistanı yenidən Rusiyadan imdad diləməyə vadar etdi. Rusiya olduqca çevik siyasət yürüdərək, bu məsələni kökündən həll etdi. ATƏT Minsk Qrupu isə son 30 ildə yalnız mənasız və qısır addımları ilə yadda qaldı”.

Ekspertin sözlərinə görə, bundan sonra da həmin formatın danışıqlarda iştirakı formal mahiyyət daşıyacaq: “Ola bilər ki, tərəflər beynəlxalq imic xatirinə həmin formatla əməkdaşlıq etsin. Ancaq bunun nəticəyə təsiri olmayacaq. Prezident İlham Əliyevin sonuncu dəfə Minsk Qrupu həməsdrlərini qəbul edərkən onlarla etdiyi söhbətə yenidən diqqət yetirmək kifayət edir ki, bu barədə yekdil qənaətə gələsən”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər