Nəqliyyat kommunikasiyaları barədə Azərbaycan Prezidentinin yeni strategiyası - yeni inkişaf dinamizmi və təhlükəsizlik...

Aydın Hüseynov: “Nəqliyyat kommunikasiyalarının bərpasının hər iki məsələyə müsbət təsir edəcəyi şəksizdir”

img

“Nəqliyyat kommunikasiyalarının bərpası regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər”. Bu fikirləri Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Ölkə başçısının sözlərinə görə, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir: “Ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər”.

Nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, qonşularımızın mənafelərinə cavab verdiyini vurğulayan Prezident deyib: “Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”.

Bütövlükdə, nəqliyyat əlaqələrinin bərpası həm bölgədəki inkişafa müsbət təkan, həm də təhlükəsizliyin daha etibarlı qorunmasına öz töhfəsini verəcək. Bu baxımdan, Prezidentin səsləndirdiyi fikirləri ekspertlər necə dəyərləndirirlər?

  • “Region ölkələri nəqliyyat dəhlizlərindən birgə istifadə edirlərsə, o zaman təhlükəsizliyin təmin olunmasında da maraqlı olurlar”

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, nəqliyyat kommunikasiyalarının bərpasının hər iki məsələyə müsbət təsir edəcəyi şəksizdir: “Azərbaycan son dövrlərdə böyük nəqliyyat logistikasına malikdir. Bir sıra vacib nəqliyyat xətləri Azərbaycan üzərindən keçir. Eləcə də enerji xətlərinin logistikası baxımından ölkəmiz əlverişli bir məkanda yerləşir. Coğrafi baxımdan çox önəmli yerə sahibik. Rusiyanın bu nəqliyyat xətlərinə maraq göstərməsi həm iqtisadi, həm də təhlükəsizlik baxımından faydalıdır. Çünki Rusiya böyük dövlətdir. Azərbaycanın ərazisindən tranzit məqsədlər üçün istifadə edir. Yüklərini Avropa və İrana daşıyır. Bütün bunlar Azərbaycana avantajdır. Həm iqtisadi, həm də təhlükəsizlik baxımından. İqtisadi baxımdan tranzit ölkə olaraq Azərbaycanın gəlirləri artır. Əks istiqamətdə də yüklərin daşındığını nəzərə alsaq görürük ki, dayanıqlı iqtisadi şəbəkə formalaşır. Təhlükəsizlik baxımından regionda sabitliyi möhkəmləndirir. Çünki region ölkələri nəqliyyat dəhlizlərindən birgə istifadə edirlərsə, o zaman təhlükəsizliyin təmin olunmasında da maraqlı olurlar. Bax, həm də budur sözügedən siyasətin fəlsəfəsi”.

Millət vəkili onu da qeyd etdi ki, sadalanan faktorlar regionda ümumi işin xeyrinə olacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər