“Sizin uzaqgörən siyasətiniz, iradəniz və müzəffər ordumuzun şücaəti sayəsində çoxəsrlik tariximizin ən parlaq səhifələrindən birinə şahidlik edirik.
1993-cü ildə ətraf rayonların işğalından sonra sağ qalmaq üçün yeganə yolumuz sakini olduğumuz Zəngilan rayonu, Bartaz qəsəbəsindən Arazın o tayına keçməklə köçkün taleyimizə qədəm qoyduq. On yaşlı bir uşaq üçün Arazın o tayında gözlə görünən evinə qayıda bilməmək hisslərini sözlə ifadə etmək olmur. Orada bir neçə gün qaldıqdan sonra qayıtmağın mümkün olmayacağını başa düşüb İran ərazisindən keçməklə İmişlidə, indiki Şirvan rayonunda və nəhayət, Bakıda məskunlaşdıq.
Torpaqlarımızın işğal altında qaldığı illər ərazi bütövlüyümüzün bərpası həsrəti ilə keçdi. Sizin bu istiqamətdə uğurlu fəaliyyətiniz göz önündə idi və bizdə böyük ümidlər yaradırdı. Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlar tətbiq etsə də Sizin uzaqgörən siyasətiniz bütün maneələrin öhdəsindən gəldi.
Bu gün artıq torpaqlarımız azaddır və mənim yarımçıq qalan o xoşbəxt uşaqlığımı, övladlarımla birlikdə sonrakı həyatımı dədə-baba yurdumda davam etdirəcəyəm.
Əminəm ki, bu çətin günlərdə bizi birləşdirib düşmənin başını əzən dəmir yumruğunuz qayğıkeş əllərə çevrilib yurdumuzu bərpa edəcək.
Sizə və rəşadətli Ordumuza minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Sizi möhtəşəm Qələbəmiz münasibətilə ürəkdən təbrik edir və müstəqil Azərbaycanımızın inkişafı istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram”.
Bunu Bakının Xətai rayonundan Zəngilan rayonu Bartaz qəsəbəsinin sakini Asif Hacısoy Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirib.
Baki-xeber.com