Erməni mediasında Paşinyan və komandasının 2,5 il ərzində hakimiyyətinin ağır nəticələrinə dair 11 fakt öz əksini tapıb.
Qeyd edilir ki, bu müddət ərzində ölkə ərazisi kiçilib: “Ermənistan ordusu məğlub, dağılmış və döyüş qabiliyyəti olmayan orduya çevrilib. Müharibədə təxminən 5 min adam ölüb, 10 min nəfər yaralanıb, təxminən 2 min nəfər itkin, 300 nəfər əsir düşüb. Minlərlə ailə başçısını itirib. Ölkə iqtisadi çöküş yaşayır, investisiyalar sıfır həddindədir, xarici borc 8 milyard dollara çatıb, ÜDM 7,5 faiz azalıb. Yoxsulluq artıb, alıcılıq qabiliyyəti, gəlir azalır. Ən böyük qızıl yatağı, enerji ehtiyatlarının 15% -i, kənd təsərrüfatına yararlı torpaqların təxminən 10% -i itirilib. Hakimiyyət pandemiyaya qarşı mübarizədə iflasa uğradı, virusdan 3 minə yaxın ölüm var, yayılma sürəti və ölüm sayı baxımından Ermənistan dünyada ən pis göstəricilərdən birinə sahibdir. Təhsil sistemi, polis, Milli Təhlükəsizlik Xidməti, məhkəmə sistemi dağıdılıb. Parlament anlaşılmaz xarakterlərlə doludur, qanunvericilik təşəbbüsləri olduqca aşağı səviyyədədir”.
O da qeyd edilir ki, ölkə beynəlxalq arenada subyektivliyini itirib və beynəlxalq münasibətlərin siyasi xəritəsindən yoxa çıxıb. Yaxşı və sadəcə, neytral əlaqələrin olduğu müttəfiq ölkələr itirilib.
Bütün bu deyilənləri ekspertlər necə dəyərləndirirlər?
“Ermənistan iqtisadiyyatı, ordusu dağılıb, amma bunun bütün günahını Paşinyanda axtarmaq doğru deyil”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, prinsipcə, deyilənlər doğrudur, amma bütün bunların hamısını Paşinyanın üzərinə yıxmaq reallığı əks etdirmir: “Ermənistanda mövcud siyasi-iqtisadi xaos ilk növbədə 20 ildən artıq hakimiyyətdə olan müharibə partiyasının üzvləri Robert Köçəryan və Serj Sarkisyanın apardığı siysətin nəticəsidir. İki ilə Nikol Paşinyan nə qədər çalışsa da 20 ildən artıq mövcud oturuşmuş problemləri həll edə bilməz. Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti məhz bu çürük siyasətin iflası idi. Sadəcə, Paşinyanın hakimiyyəti dövründə sözügedən problemlər açıq şəkildə üzə çıxdı. Məhz Paşinyanı avantürarya aparan və onu Qarabağ məsələsində sıxan “Qarabağ klanı” idi. Prezident İlham Əliyev də Köçəryan və Sarkisyanın ordusunu məhv etdiyimizi qeyd edib. Bundan əlavə, erməni toplumu Köçəryan və Sarkisyan kimi cinayətkarların təbliğatına inanıb. Bugünkü vəziyyət məhz erməni toplumunun yaratdığı mühitdir ki, Paşinyanda günah görürlər. Məsələn, Paşinyan Azərbaycanla sərhədin müəyyən edilməsinə çalışır, işğal olunmuş sərhəd kəndlərinin boşaldılmasını əmr verir, amma ermənilər buna etiraz edirlər. Paşinyan dəfəflərlə deyir ki, sərhədlərin dəqiqləşdirilməsi lazımdır və problem olmamalıdır, amma ermənilər onu xain elan edirlər. Belə olan təqdirdə baş verən müharibədə məğlubiyyət ermənilərin özlərinin yaratdığı mifin nəticəsi idi. Bu gün onun acısını çəkirlər. Bəli, Ermənistan iqtisadiyyatı, ordusu dağılıb. Ancaq bunun bütün günahını Paşinyanda axtarmaq doğru deyil. Paşinyan çalışır ki, Türkiyə və Azərbaycanla normal əlaqələr qursun. Onu müxalifət satqın adlandırır. Erməni toplumu uzun illərdir faşist Njde və daşnakların ideologiyası ilə Azərbaycana, Türkiyəyə qarşı düşmənçilik edir. Paşinyan praqmatik və real bir siyasət ortaya qoymağa çalışır, amma ona imkan verilmir. Bax, budur erməni toplumu. Ona görə də düşdükləri acı məğlubiyyət təkcə Paşinyanın ikiillik siyasətinin nəticəsi deyil”.
Politoloq hesab edir ki, bütün bunlardan erməni cəmiyyəti ciddi nəticə çıxarmasa, onlar daha ağır fəlakətlə üzləşəcəklər.
Vidadi ORDAHALLI