44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan öz gücünü istər düşmən ölkəyə, istərsə də bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə döyüşən Silahlı Qüvvələrimiz 44 gün ərzində böyük zəfərlərə imza ataraq tarixi torpaqlarımızı işğaldan azad etməyə nail oldu. Vətən müharibəsi həm işğalçı ölkə ordusunun acınacaqlı məğlubiyyəti ilə başa çatıb, həm də əldə etdiyimiz qələbə sayəsində bölgədə yeni reallıqlar yaranıb.
44 günlük müharibədə Azərbaycanın zəfər çalması, Ermənistanın məğlub olmasını Ermənistan prezidenti Armen Sarkisyan etiraf edib. O qeyd edib ki, azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşırdılar: “Ermənistan bu müharibəni itirdi, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birinə ittiham yağdırırlar”.
Doğrudan da informasiya müharibəsində Azərbaycan mediası istər müharibədən əvvəl, istərsə də döyüşlər başlanan vaxt qarşı tərəfə qalib gəlməyi bacardı. Erməni mediasında çıxan dezinformasiya xarakterli məlumatların faktlarla səhv olduğu isbata yetirildi və əhalinin milli ruhdan irəli gələn ordumuz və Ali Baş Komandan ətrafında birliyinin pozulmasına imkan vermədi.
“Ermənistan cəmiyyətinə ismarıc verildi ki, Azərbaycan Ermənistandan qat-qat üstündür, o cümlədən, informasiya savaşında da”
Məsələ ilə bağlı fikir bildirən media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan tərəfi uzun müddət idi ki, Azərbaycanın üstünlüklərini etiraf etmək istəmirdi. Yanlış informasiyalar yaymaqla Azərbaycandan üstün olduqlarını bəyan edirdilər: “Ancaq reallıq başqadır. Ermənistan prezidenti də reallığı etiraf etməli oldu. Fakt ortadır. Hər kəsə məlumdur ki, Azərbaycan hər cəbhədə, o cümlədən, informasiya cəbhəsində də üstünlüklə qələbə qazandı. Belə olmasaydı, biz müharibəni bu cür sonlandıra bilməzdik. Ermənistan prezidenti Sarkisyan nəhayət ki, öz vətəndaşlarını daha dəqiq informasiya ilə təmin etmək üçün bu fikirləri səsləndirib. Ermənistan prezidenti cəmiyyətə çağırış edərək bildirib ki, Azərbaycanın gücünü, üstünlüyünü etiraf edin. Ermənistan cəmiyyətinə ismarıc verildi ki, Azərbaycan Ermənistandan qat-qat üstündür, o cümlədən, informasiya savaşında da üstündür. Sarkisyan həqiqəti gec də olsa etiraf edib”.
Günel CƏLİLOVA