Azərbaycanın Ermənistanın Qarabağdakı işğalına son qoyan 44 günlük müharibə dünya miqyasında böyük əks-səda doğurub. Ölkələrin diqqətini cəlb edən Azərbaycanın əks-hücum əməliyyatı, xüsusilə dronların təsiri Qərbdən tutmuş Şərqə qədər bütün dünyada geniş müzakirələrə səbəb olub.
Hələ bir müddət əvvəl aralarında ABŞ və Rusiyanın da olduğu bir çox ölkənın Azərbaycanın müharibə taktikasını öyrənməyə çalışdığına dair məlumatlar yayılmışdı.
Azərbaycanın 44 günlük müharibədə ən son texnologiyalarla düşmən ordusunu tamamilə darmadağın edən əməliyyatından sonra, böyük ölkələrdə belə bir fikir formalaşıb ki, bugünə qədər davam edən ənənəvi silahlanma taktikası yanlış olub.
Bunu Qərb mediasında yayılan məlumatlar da təsdiqləyir. Almaniya mediası yazır ki, Azərbaycanın ən son texnologiyalarla 44 günlük uğurlu əməliyyatından sonra NATO-nun silahlanma strategiyası ətrafında geniş müzakirələr başlayıb. Alyans çərçivəsində sözügedən prosesi yenidən dəyərləndirmək üçün bir sıra görüşlər planlaşdırılıb ki, bunlardan biri Berlində baş tutub. Amerika nümayəndə heyəti bu görüşə yüksək təhlükəsizlik xəttilə onlayn şəkildə qoşulub.
Azərbaycanın qısa müddətdə Ermənistan ordusunu tam darmadağın edən əməliyyatının ələ alındığı görüşdə əsas müzakirə mövzusu gözlənildiyi kimi dronların rolu olub. Toplantıda Azərbaycanın rəsmi şəkildə yaydığı görüntülərə bir-bir baxılıb və yüzlərlə tankın, digər ağır texnikaların, hərəkətdə olan və sığınacaqlar kimi hərəkətsiz obyektlərin məhv edilməsinə dair videolar izlənilib.
Berlində keçirilən son iclasda iştirak edən Almaniya Müdafiə Nazirliyinın bir mütəxəssisi, adının açıqlanmaması şərtilə qısaca bu sözləri deyib: “İndiyə kimi etdiyimiz kimi davam etsək, məğlub olduq”.
NATO iclasından sonra Qərbdə ilk hərəkətlilik də elə Almaniyada müşahidə edilib. Parlamentdə dronlara silah sistemləri qurmaq və bununla da dron donanması yaratmaq məsələsi qaldırılıb. Ancaq bu tələb parlamentdən keçməyib.
Ümumiyyətlə, Azərbaycanın müharibə taktikasını izləyən mütəxəssislər Qərb dünyasının səhv bir silahlanma yolu tutduğunu açıq şəkildə ifadə etməyə başlayıblar.
TAHIR