Bakıdan “Səs” Media Qrupunun rəhbəri. Bəhruz Quliyev də Prezident İlham Əliyevə müraciət edib:
“Sizi torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə ürəkdən təbrik edirəm. Qələbəmiz Ali Baş Komandan kimi Sizin dəqiq və vaxtında verdiyiniz əmrləri icra edən müzəffər Ordumuzun rəşadəti sayəsində təmin olundu. Azad olunan torpaqlarımızın hər bir qarışı bizim üçün çox əzizdir, ona görə ki, bu böyük Qələbədə Sizin uzun illər apardığınız müdrik diplomatik, iqtisadi və hərbi strategiyanız, Ordumuzun zəhməti, şəhidlərimizin qanı və xalqımızın dəstəyi vardır.
Cənab Prezident, mən birinci Qarabağ müharibəsinin iştirakçısı və şahidi olmuşam. Rəhbərsiz, sərkərdəsiz müharibənin acı sonluğunu hər kəs bilir və biz 30 il bundan öncə bu faciəni yaşadıq, torpaqlarımızı itirdik. Bu Vətən müharibəsini birincidən fərqləndirən odur ki, bu gün Ulu Öndərin vəsiyyətini, ideyalarını həyata keçirən, əməlləri ilə özünü sevdirən bir lider və öz liderinə güvənən, onun arxasında duran bir xalq birliyi vardır.
Böyük sərkərdə! Siz Azərbaycan tarixində yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdınız və xalq qəhrəmanı kimi tarixdə, insanların qəlbində ömürlük məskən saldınız. Bu Qələbə nəticəsində ölkəmizin bütövlüyü ilə yanaşı, həm də xalqın qaliblik hisslərini bərpa etdiniz.
Milli Lider! Biz də media nümayəndəsi olaraq fəaliyyətinizi dünyaya çatdırmaqdan qürur duyur və bu zəfəri bizə yaşatdığınız üçün Sizə minnətdarıq”.
Baki-xeber.com