Bakıdan sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. Qarabağın döyünən ürəyi - Şuşa mənfur düşməndən azad edildi.
Bir xalq, bir millət kimi bizə bu böyük xoşbəxtliyi yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin xalqın böyük dəstəyinə güvənərək vətənimizin yüksəlişi naminə yorulmaq bilmədən aramsız fəaliyyətiniz, müasirliyə yönəlik islahatçı cəsur addımlarınız, yeni dövrün tələblərinə uyğun çevik qərarlarınız Azərbaycanın iqtisadi və hərbi qüdrətini daha da artırmışdır. Ölkəmizin sosial-mədəni siması müqayisə olunmaz dərəcədə dəyişərək yeniləşmiş və Azərbaycanımız bütün dünyada demokratik, hüquqi dövlətçilik prinsiplərinə, vətəndaş cəmiyyətinin hərtərəfli inkişafına sadiq, daim yüksəlişdə olan güclü bir ölkə imicini qazanmışdır. Azərbaycanın əldə etdiyi bütün bu heyrətamiz qələbələr məhz dəyərli ömrünüzün hər bir dəqiqəsinin, hər anının vətənə, xalqa sədaqətlə xidmətinizin əsl təntənəsidir.
Siz böyük diplomatik məharətlə Azərbaycanın haqq səsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırırsınız. Siz Azərbaycan xalqının milli qüruru, milli mənliyi, məğrur, mərd və yenilməz sərkərdəsisiniz.
Mən fəxr edirəm və çox xoşbəxtəm ki, iki böyük şəxsiyyət: dövlətçiliyimizin xilaskarı ulu öndər Heydər Əliyevin və Sizin - Azərbaycanın parlaq tarixi şəxsiyyəti, Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında birgə işləmək mənə də nəsib olub.
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda apardığımız bu müqəddəs savaşda qoy Uca Yaradan Sizin, xalqımızın və rəşadətli Azərbaycan Ordusunun yardımçısı olsun!
Qarabağ Azərbaycandır!”
Baki-xeber.com