“Dağlıq Qarabağ probleminin 30 ildən sonra mümkün olan ən əlverişli həll variantı elə budur”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan üçtərəfli bəyanatı şərh edərkən öz şəxsi “Facebook” hesabında yazdığı statusda “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Məsələni istənilən oponentlə müzakirə edə biləcəyini deyən A.Quliyev bununla bağlı arqumentlərini də açıqlayıb:
1. Azərbaycanın ərazi bütövlüyü təmin edilir.
2. Məcburi köçkünlər öz ocaqlarına qaytarılır.
3. Sülhyaratma missiyası bizə qardaş ölkə olan Türkiyənin iştirak etdiyi ikitərəfli formatda reallaşır ki, bu da Ermənistanın yeni təcavüz planlarının qarşısını kəsən qüvvə olacaq.
4. Naxçıvanın blokadasına son qoyulur, onu Azərbaycanın böyük parçası ilə bağlayan dəhliz açılır və dəhliz beynəlxalq təhlükəsizlik təminatına alınır.
5. Ermənilərin münaqişəyə qədər yığcam və ya qarışıq yaşadıqları məntəqələrin taleyi barədə şərt diktə etmək imkanı bizim əlimizdə qalır.
6. Siyasi məzmunlu etnik-ərazi muxtariyyatı təhlükəsindən sığorta olunuruq.
7. Azərbaycana aid ərazilərə erməni iddialarının saxta və əsassız olduğu bütün dünyaya qəti şəkildə sübut olunur.
8. Növbəti mərhələlərdə xarici sülhyaratma missiyalarından imtina hüququnu özümüzdə saxlayırıq.
Baş redaktor qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü, dövlət və milli təhlükəsizliyi üçün gələcəkdə bu razılaşma sənədlərindən təhdidlər görünmür: “Prezident İlham Əliyevin ərsəyə gətirdiyi bu həll variantına qarşı kimin hansı arqumentləri varsa, onu da müzakirə edə bilərik...”