“Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır”. Bu sözləri Prezident İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsi zamanı jurnalistin “98 faiz ermənilərin məskunlaşdığı ərazidə mümkün qələbəni qazanmağın Sizin üçün hansı çətinliyi olacaq” sualına cavabında deyib.
Prezident qeyd edib ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdırlar: “Azərbaycanın müxtəlif yerlərində, əsasən Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər”.
“Azərbaycan Dağlıq Qarabağda birgə yaşayış modelini təklif edir”
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Rüfət Quliyev qeyd etdi ki, Azərbaycan Dağlıq Qarabağda birgə yaşayış modelini təklif edir. Azərbaycanın Ermənistandan fərqi tolerant və multikultural ölkə olmasıdır. Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri sayılır. Azərbaycanda yaşayan xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında hər zaman sülh və qarşılıqlı anlaşma olub: “İşğaldan azad edilən torpaqlarda yaşayan ermənilər artıq yaxşı həyat sürəcəklər. Azərbaycan bunun üçün hər cür şərait yaradacaq. Ermənistanın guya erməni əhalisinin Azərbaycan tərəfindən soyqırıma məruz qalacağı barədə iddiaları əsassız və yalandır. Elə olsa idi, bu gün Azərbaycanda minlərlə erməni sülh və əmin-amanlıq şəraitində yaşamazdı”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqları qanunla qorunacaq: “Nəzərə almaq lazımdır ki, onlar da neofaşist erməni hakimiyyətinin əsirlərinə çevriliblər. Azərbaycan tolerant dövlətdir. Bakının mərkəzində erməni kilsəsi olduğu halda, neofaşist erməni hakimiyyəti Dağlıq Qarabağ və ətrafdakı rayonlardakı məscidlərdə donuz saxlayaraq bütün müsəlman dünyasını təhqir edir. Bütün bu vəhşiliklərə baxmayaraq, beynəlxalq sülhə töhfələr verən Azərbaycan işğal qurtarandan sonra da regionun inkişafı üçün əlindən gələni əsirgəməyəcək”.
Günel CƏLİLOVA