Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, döyüş meydanında uğursuzluqla üzləşən Ermənistan tərəfindən Azərbaycana qarşı asimmetrik və hibrid müharibəyə keçilməsi barədə məlumatlar daxil olmaqdadır:
“Bizdə olan məlumata görə, onlar Azərbaycana qarşı asimetrik formada müharibə aparmağı planlaşdırırlar. Bu, bilavasitə terror vasitəsilə müharibənin aparılması metodudur. Belə ki, terroru dövlət səviyyəsində dəstəkləyən dövlətlər döyüş meydanında uğursuzluqla üzləşdiyi təqdirdə asimmetrik və hibrid müharibələr kimi taktikalardan istifadə edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı bu metodun istifadə edilməsi istiqamətində müxtəlif planlar və niyyətlər var”.
Məlumat üçün qeyd edək ki, hibrid müharibə (hybrid warfare) - təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Bu, müharibənin terror vasitəsilə aparılması metodudur. Hibrid müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər. Rəsmi nöqteyi-nəzərdən sülh dövründə də hibrid müharibənin davam etdirilməsi mümkündür.
Asimmetrik müharibə isə bir milli dövlətin ordusu tərəfindən aparılan ənənəvi müharibələrdən fərqli bir münaqişə forması hesab edilir. Bu baxımdan asimmetrik müharibə, əsasən, gizli müharibədir, partizan qrupları, dini kultlar, narkotik kartellər və hətta nizami silahlı qüvvələrin xüsusi qüvvələri kimi komponentlər tərəfindən aşağı intensivliklə keçirilir. Asimmetrik müharibə terrorla da eyniləşdirilir. Lakin terror bu müharibələrdə istifadə edilən taktikalardan biridir. Yəni əslində terroru da özündə ehtiva edən hibrid və asimetrik müharibə daha dəhşətli və qeyri-insani metoddur.
Bütövlükdə, Ermənistanın Azərbaycana qarşı hibrid və asimmetrik müharibəyə başlaması düşmənə hansı perspektivlər vəd edir?
“Azərbaycan Ordusu birləşmələrinin strukturu elə formalaşdırılıb ki...”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Ermənistanın Azərbaycana yönəlik bu kimi cəhdləri iflasa məhkumdur: “Əvvəla, hibrid müharibənin qaydaları fərqlidir. Hibrid müharibə daha çox partizan və digər variantlarla həyata keçirilən müharibədir. Bu kimi döyüşlərdə əsas xətt yerli və kənardan gətirilən terrorçu qruplaşmalardan istifadə etməkdir. Bu, Ermənistan ordusunun nizami birləşmələrinin artıq məhv olması ilə bağlı bir xəbərdir. Hesab edirəm ki, Ermənistan ordusunun nizami hissələrinin böyük hissəsi darmadağın edilib. Bu səbəbdən də Ermənistan Azərbaycana qarşı hibrid və asimmetrik müharibəyə üstünlük verir. Bununla onlar ordumuzun nizami hərbi birləşmələrinə qarşı hər hansı bir adekvat tədbir görmək niyyətindədirlər. Fikrimcə, onlar buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan Ordusu birləşmələrinin strukturu elə formalaşdırılıb ki, həm nizami formada hücum və müdafiəni həyata keçirə bilir, həm də hibrid və asimmetrik hücumları dəf edə bilir. Söhbət xüsusi təyinatlılardan gedir”.
Hərbi ekspertin fikrincə, biz düşmənin istənilən hücumunu dəf etməyə qadir orduya sahibik.
Vidadi ORDAHALLI