Məlum olduğu kimi, Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət qurumları ilə birgə zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Ermənistan vətəndaşı Vladimir Vartanov və qeyrilərinin bu ölkədən kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adı altında Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.
Araşdırmalarla Vladimir Vartanov və digərlərinin Azərbaycana və ölkə vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində “VoMa” adlı hərbiləşdirilmiş təşkilat təsis edərək, internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də ASALA, PKK və digər terror təşkilatlarının üzvlərini "VoMa"nın üzvülüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək, "Dağ-atıcı ehtiyat batalyonu"nun ("VoMA batalyonu") tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib. Faktla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Ermənistana beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması üçün tədbirlər görülür.
Görünən odur ki, Ermənistanda intensiv hərbi təlimə cəlb olunan xarici muzdluların fəaliyyəti ancaq onların qətllər törətməsinə hesablanıb. Bütövlükdə, sözügedən materiallar əsasında Ermənistana yönəlik beynəlxalq sanksiyaların tətbiqi, həmin terrorçuların həbs edilməsi və digər tədbirlərin görülməsi perspektivini ekspertlər necə dəyərləndirirlər?
“İşğalçı ölkənin rəsmi qurumları səviyyəsində bu təşkil edilir”
Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, bütün bunlara görə nəinki Ermənistan, digər ölkələr də məsuliyyət daşıyırlar: “Ayrı-ayrı ölkə vətəndaşlarının muzdlu döyüşçü kimi döyüşlərə cəlb edilməsi baş verirsə, o zaman bu işdə iştirak edənlərin məsuliyyət məsələsi ortaya çıxır. Məsələ ondadır ki, Ermənistanın rəsmi qurumları səviyyəsində bu təşkil edilir. Onların Ermənistana gəlişi təmin edilir və sonra da onları Qarabağa göndərirlər. Bu, birbaşa dövlət orqanlarının yaxından iştirakı ilə həyata keçirilir. Azərbaycan Cinayət Məcəlləsinə görə, bu işi təşkil edənlər ömürlük, iştirakçılar isə uzun müddət azadlıqdan məhrum edilə bilər. Baş Prokurorluq çox doğru olaraq sözügedən məsələlərlə bağlı cinayət işi açıb. Eyni zamanda, əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Müşahidələr göstərir ki, bu cür muzdlu qatillər Fransa, Livan, Rusiya və digər ölkələrdən Ermənistan vasitəsilə Qarabağa gəlirlər. Bunlar qətliamla məşğul olacaqlarını açıq bəyan edirlər və bu onların devizində də özünü göstərir. Fransada sağçı və radikal qruplar bununla bağlı açıq kampaniya aparırlar. Bununla bağlı yetərli qədər məlumatın olmasına baxmayaraq, rəsmi Paris sözügedən terrorçularla bağlı müvafiq ölçü götürmür. Erməni əsirləri də muzdlu döyüşçülərlə bağlı məlumatları açıq şəkildə deyirlər. PKK terrorçuları 600 dollar müqabilində Qarabağda döyüşürlər. Müəyyən dövlətlərin bütün bunları görməzdən gəlməsi onu göstərir ki, onlar terrora dəstək verirlər. Hansı ki, bu dəstələrin fəaliyyəti ayrı-ayrı insanların qətlinə gətirən hərəkətlərdir. Ona görə də Fransa və digər ölkələr bununla bağlı tədbirlər görməlidirlər. Prokurorluq orqanları müvafiq tədbirlər görməklə yanaşı, Xarici İşlər Nazirliyi də müvafiq diplomatik kanallarla həmin ölkələrin diqqətinə bu məsələləri çatdırır. O ölkənin ki, vətəndaşları gəlib Qarabağda muzdlu kimi vuruşur, həmin dövlətlər zəruri tədbirlər görməlidirlər. Əks halda, bu, terrorçuluğa dəstəkdir”.
Ekspert hesab edir ki, sistemli şəkildə bu məsələlərin üzərinə getməliyik.
Vidadi ORDAHALLI