Məlum olduğu kimi, Ali Baş Komandanımız İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verdi. Bütün xalqımız şahidi oldu ki, alman jurnalistinin təxribat xarakterli suallarına cənab Prezident çox yüksək səviyyəli və rasional şəkildə cavablar verdi. Bunun nəticəsində alman jurnalisti çox pis vəziyyətə düşdü. Ancaq dünən ARD kanalı cənab Prezidentdən götürülən 26 dəqiqəlik müsahibənin cəmi 7- 8 dəqiqəsini efirə verdi.
Müsahibəni götürən həmin jurnalistə soydaşlarımız sosial şəbəkələr üzərindən çoxlu sayda suallar ünvanlayıblar. Jurnalist cavab verib ki, Prezident İlham Əliyevdən götürdüyü müsahibəni olduğu kimi televiziya rəhbərliyinə təqdim edib, sadəcə, kanal rəhbərliyi 26 dəqiqəlik müsahibəsinin cəmi 8 dəqiqəsini efirə verib. Özünü demokratiyanın beşiyi sayan bir ölkənin televiziyasının etdiyi bu hərəkəti jurnalist etikasına nə dərəcədə uyğun saymaq olar?
Cəbhə.info saytı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu faktın özü Ermənistanın bizə yalnız hərbi meydanda deyil, eyni zamanda diplomatiya və informasiya sahəsində də uduzduğunu göstərdi: “Ona görə Ermənistan deyirəm ki, həmin müsahibənin götürülməsində belə qərəz özünü aydın göstərirdi. Jurnalist, demək olar ki, sırf Ermənistanın maraqları kontekstindən çıxış edirdi. Çox güman ki, onlar başqa bir nəticə gözləyirdilər. Hesab edirdilər ki, verilən cavablarla Ermənistanın 30 illik işğal siyasətini daha yaxşı təbliğ edə biləcəklər. Amma verilən cavablar, buna hətta diplomatik atəş də deyə bilərik, qərəz mediasını tamamilə susdurdu. Başqa variant tapa bilmədikləri üçün, çıxış yolunu belə addım atmaqda gördülər. Bu səbəbdən də 26 dəqiqəlik müsahibənin cəmi 8 dəqiqəsini göstəriblər. Bu yalnız Almaniya ilə bağlı olan məsələ deyil. Ölkə başçısından müsahibə götürən bir çox əcnəbi jurnalistlərdə qərəz hiss edilir. Sanki onlar informasiya müharibəsini uduzan Ermənistanı hansısa formada xilas etmək istəyirlər. Onları dünyaya Azərbaycan tərəfindən əzilən zümrə obrazında təqdim etməyə çalışırdılar. Mənim onlara dövlət deməyə dilim gəlmədiyi üçün, onları zümrə, terror qruplaşması adlandırıram. Prezidentin verdiyi cavablar sübut etdi ki, buna nail olmaq asan deyil. Ritorik suallarla çalışırdılar ki, bizim haqlı mövqeyimizi başqa istiqamətə yönəltsinlər. Prezidentin son dərəcə səlist və dünyanı mat qoya biləcək cavabları onlara bu imkanı tanımadı. Jurnalist deyir ki, müsahibəni olduğu kimi təqdim edib, lakin televiziya ona kəsilmiş formada verib. Bu daha da pis. Belə çıxır ki, bu təxribatın içində bütün kanal və onun rəhbərliyi var. Bununla həmin kanal söz azadlığına, demokratik dəyərlərə olan yanaşmasını ortaya qoydu. Sübut etdi ki, onların əməlləri heç bir jurnalist etikası çərçivəsinə də sığmır. Soydaşlarımız haqlı olaraq buna öz etirazını bildirir. Hesab edirəm ki, bizim də jurnalist cameəsi, QHT-lər həm jurnalistə, həm də kanalın rəhbərliyinə öz etirazını bildirməlidir. Bu bizim haqqımızdır. Biz öz haqq səsimizi hətta belə qərəz medaialarına da çatdırmaq üçün bütün mükün variantlardan istifadə etməliyik. Hazırda Azərbaycanın bütün spektri bir yerdədir və düşmənə qarşı mübarizə aparır. Bu bizim ilkin qələbəmizi şərtləndirir, son qələbəmizi isə yaxın günlərdə əsgərlərimiz bizə ərmağan edəcək”.
Adını demokratik qoyan media nümunəsi bir daha sübut etdi ki, onlar üçün şəxsi maraqlar jurnalsit etikasından daha üstündür.
Məhəmmədəli QƏRİBLİ