Məlum olduğu kimi, İranın Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi, bu ölkənin Xarici İşlər nazirinin müavini Abbas Əraqçi keçən həftə Bakı, Moskva, Ankara və İrəvana səfər edib.
Əraqçinin İrəvan səfəri Ermənistan mətbuatında tamam başqa cür, Ermənistanın maraqlarına uyğun şəkildə şərh edilir. Erməni mediasının iddiasına görə, guya Əraqçi “Azadlıq” radiosuna deyib ki, biz rəsmi Bakıya öz narahatlığımızı çatdırmışıq, regionda terrorçuların iştirakı yolverilməzdir.
Görəsən, Əraqçi doğrudanmı Azərbaycan tərəfdə “terrorçular” döyüşdüyünü deyib, bilmirik.
Amma öz təxribatçı silahlı birləşmələrini PKK, ASALA və digər terrorçu təşkilatların muzdlu döyüşçülərindən təşkil edən Ermənistan müharibənin ilk günündən Azərbaycan haqqında şər-böhtan, yalan dolu informasiyalar yayır, iddia edir ki, guya bizim orduda muzdlular döyüşür (?). Ermənilər bu uydurmalarını hər an reklam edir və dünyanı bu yalana inandırmağa çalışırlar.
Qayıdaq Əraqçiyə. Əraqçi həqiqətən də belə bir söz deyibmi, deyibsə, niyə bu cür əsassız açıqlama verib və bu açıqlamasına nə üçün aydınlıq gətirmir? Əgər verməyibsə, onda İran hökuməti nə üçün Ermənistanın Əraqçinin adından yaydığı feyk məlumata rəsmi etirazını bildirmir?
“...İran rəsmi şəkildə Ermənistanın bu təxribatına öz münasibətini bildirməlidir”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, görünür, İranın təklifləri Ermənistanı qane etmədiyi üçün Əraqçinin dilindən belə uydurmalar yayırlar. “İranın Xarici İşlər nazirinin müavini bölgəyə səfər etdi, Bakıda, Moskvada, Ankarada və İrəvanda oldu. Onun bu səfəri vasitəçilik missiyası ilə bağlı idi. Əraqçi Moskvada açıqlama verdi ki, münaqişənin nizamlanmasına dair variantlarını təklif edirlər, vasitəçilik etmək istəyirlər, bununla bağlı İran hökumətinin təkliflərini Azərbaycana, Ermənistana, Rusiyaya və Türkiyəyə çatdırdı. Təkliflərin detalları ilə bağlı isə heç bir açıqlama vermədi. Rusiya mətbuatına açıqlamasında isə bildirdi ki, Azərbaycanın torpaqları tamamilə işğaldan azad olunmalıdır və sair. Ermənistan mətbuatının Əraqçinin dilindən yaydığı açıqlamaya gəlincə, görünür, İranın vasitəçilik təşəbbüsü Ermənistanı qane etmir. Ona görə də bu cür feyk məlumatları gündəmə gətirməklə, onun fikirlərini təhrif etməklə, əslində, İranın vasitəçiliyinin üstündən xətt çəkmək, bu ölkəni pis vəziyyətdə qoymaq istəyirlər. İnanmıram ki, Əraqçi və İranın digər rəsmiləri belə bir əsassız fikir səsləndirsinlər, Azərbaycanı belə bir məsələdə ittiham etsinlər. İran da yaxşı bilir ki, Azərbaycan Ordusunda muzdlu döyüşçülər yoxdur, bizim ordumuz öz əsgər və zabitlərimizdən ibarətdir. Əraqçi və İranın digər nümayəndələri belə ittihamları Ermənistanla bağlı irəli sürə bilərlər. Çünki Ermənistan tərəfdən döyüşdə xaricdən gətirilən muzdlu döyüşçülər, terror təşkilatlarının üzvləri iştirak edirlər. Ola bilsin ki, o, bu fikirləri Ermənistanla bağlı səsləndirsin, ermənilər də onu bizə qarşı çevirmək istəsinlər. Hesab edirəm ki, bu, Ermənistanın növbəti təxribatıdır, Əraqçinin fikirlərinin saxtalaşdırılmasıdır. Amma hesab edirəm ki, İran rəsmi şəkildə Ermənistanın bu təxribatına öz münasibətini bildirməlidir”.
A.Nağının sözlərinə görə, İranın dini lideri Seyid Əli Xamneyi də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın torpaqları işğaldan azad edilməlidir, Ermənistan Azərbaycanın torpaqlarını qaytarmalıdır.
İradə SARIYEVA