Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, sosial təyinatlı binaları hədəfə almaqda davam edir.
Ümumilikdə, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində sentyabrın 27-dən indiyədək 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb, həmin məktəblərdə tədrisin təşkili mümkün olmayıb. Məlmat üçün bildirək ki, Tərtərdə 14, Ağdamda 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə isə 1 məktəb binası dağıntılara məruz qalıb.
Təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə keçirilən brifinqdə deyib ki, sentyabrın 27-dən başlayaraq Ermənistanın təcavüzü nəticəsində 20-yə yaxın bölgədə təhsil müəssisələrində tədris dayandırılıb.
“Ermənistan rəhbərliyi hər zamankı kimi atəşkəs qaydalarını, beynəxalq hüquq normalarını heçə sayır”
Işğalçı ölkənin məktəbləri hədəf alması barədə fikir bildirən hərbçi ekspert Rasim İsgəndərov qeyd etdi ki, Ermənistanın terror əməllərinə son qoyulmalıdır. Ümumiyyətlə, hər zaman olduğu kimi, Ermənistan beynəlxalq qanunvericiliyin tələblərini pozmaqla məşğuldur: “Ermənilər ilk gündən bəri mülki əhalini hədəf alıb. Xüsusən də məktəbləri hədəf alırlar. Onsuz da o evlər bərpa olunacaq. Ancaq dinc sakinlərimiz həyatını itirir. Raketi Xızıya, Gəncəyə, Mingəçevirə, Bərdəyə, Tərtərə yönəldən yaramaz bir toplumdan hər şey gözləmək olar. Ona görə də Azərbaycan əsgəri onları yaxın günlərdə cəzalandıracaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, düşmənin getdikcə azğınlaşdığı göz önündədir. Gəncədəki mülki vətəndaşlarımız ikinci dəfə eyni dəhşəti, vəhşəti yaşadılar. Ermənistan rəhbərliyi hər zamankı kimi atəşkəs qaydalarını, beynəlxalq hüquq normalarını heçə sayır. Lakin düşmən törətdiyi hərbi cinayətlərə görə layiqli cavabını almır. Səbəbi isə bəllidir.
Günel CƏLİLOVA