Ermənilər hər vəchlə Azərbaycan Ordusunun mülki obyektlərə ziyan vurduğunu bildirməyə, bununla da cəbhədəki uğursuzluğu unutdurub, diqqəti başqa səmtə yönəltməyə çalışırlar. Xüsusən ermənilər bu məsələdə diqqəti daha çox dini obyektlərə yönəltməkdə maraqlıdırlar. Din insanların həssas yeri olduğundan, dini ibadətgahların dağıdılması yönündə haray-həşir salmaq ermənilərin ən önəmli silahına çevrilib.
Rusiya ermənisi Aşot Qabrielyanın ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən “War Gonzo” layihəsinin jurnalist adına ləkə olan icraçısı Semyon Peqov bu dəfə video yayaraq Yuxarı Gövhər ağa məscidi və ya Şuşa Cümə məscidini Azərbaycan tərəfinin vurmaq istədiyini bildirib. Daha doğrusu, o, məscidin yanında hansısa dəliyi göstərərək, ora artilleriyadan atəş açıldığını söyləyib.
Ən maraqlı məqam isə odur ki, Peqov hər sözündə Azərbaycan məscidini İran məscidi kimi təqdim etmək istəyir. Məqsədi bəllidir. İrandan lazımi köməyi ala bilməyən Ermənistan Peqov kimilər vasitəsilə müəyyən siqnallar vermək istəyir. Guya bununla öz aləmlərində məscidləri vurulduğu üçün İrandan dəstək almağa çalışırlar.
Əslində isə Şuşa Cümə məscidinin azərbaycanlılara məxsus olmasına dair tarixi faktlar üzdədir. Məscid ilk dəfə XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli tərəfindən qamışdan tikilib. Daha sonra onun oğlu İbrahimxəlil xan 1768-1769-cu illərdə qamış məscidi daşla əvəz edib. XIX əsrin I yarısında və 1883-1884-cü illərdə Pənahəli xanın nəvəsi, İbrahimxəlil xanın qızı Gövhər ağa (və ya Gövhərnisə bəyim) iki dəfə məscidi yenidən tikdirib və ibadətgah onun adına adlandırılıb.
Ermənistan Şuşa şəhərindəki Gövhər ağa məscidinin guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını iddia edir. Prezidentin köməkçisi Hikmət Hacıyev media nümayəndələrinə açıqlamasında qeyd edib ki, Ermənistan bununla növbəti dəfə yalan məlumat yaymağa çalışır: “Azərbaycanla Ermənistan arasında dini münaqişə yoxdur. Azərbaycan Silahlı Qüvvələri mülki obyektləri atəşə tutmur. Gövhər ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir. Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır”.
Müdafiə Nazirliyi də ermənilərin yaydığı məlumatın yalan olduğunu bildirir.
Ekspertlərin fikrincə, erməni tərəfi özü adıçəkilən dini abidəni dağıdaraq, məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyir.
“Ermənilər növbəti dəfə yanlış məlumat yaymaqla təxribat törətmək istəyirlər"
Məsələ ilə bağlı fikir bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd etdi ki, Gövhər ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir: “Ermənilər növbəti dəfə yanlış məlumat yaymaqla təxribat törətmək istəyirlər. Danılmaz faktdır ki, ermənilər indiyə qədər ölkəmizi ittiham etmək üçün bir sübut belə tapa bilməyiblər. Bu səbəbdən də bu cür uydurma, mənasız şeyləri ortaya atırlar".
Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilər məscidlərimizi xarabaya çeviriblər. Onlar məscidlərdə ya donuz saxlayır, ya da onları darmadağın edirlər: “Ermənilər çox yaxşı bilirlər ki, Azərbaycan Ordusu heç vaxt məscidə atəş açmaz. Sadəcə olaraq, ermənilərin məscidlə bağlı cinayətlərinin sayı-hesabı yoxdur. Məkrli düşmənin əsas məqsədi bu cinayətləri ört-basdır etmək və məsuliyyəti bizim üzərimizə atmaqdır".
Günel CƏLİLOVA