“Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq". Bu sözləri Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib.
İ.Əliyev qeyd edib ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. “Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, əsasən Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər”.
İşğal altındakı torpaqlar tam azad olunduqdan sonra Dağlıq Qarabağda yaşayan ermənilər azərbayacanlılarla birgə yaşamaq istəyərlərmi?
“Ermənilər açıq şəkildə sosial şəbəkələrdə yazırlar ki…”
Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin rəhbəri Mayis Əliyev bildirdi ki, bu gün Azərbaycan xalqı ilə yanaşı, bütün sülhsevər dünya ictimaiyyəti ədalətin bərqərar olunacağı - Ermənistan təcavüzünə tezliklə son qoyulacağı, Azərbaycanın tarixi torpaqlarının azad ediləcəyi, ərazi bütövlüyümüzün bərpa ediləcəyi günü gözləyir: “Azərbaycan həmişə müxtəlif xalqların, millətlərin və dinlərin nümayəndələrinin birgə yaşadığı, multikultural dəyərlərin yüksək qiymətləndirildiyi tolerant ölkə kimi tanınıb. Multikulturalizm siyasəti Azərbaycanda dövlət siyasəti səviyyəsində aparılır. Bu da onu deməyə əsas verir ki, gələcəkdə Qarabağda xalqımızla yanaşı, başqa millətlərin nümayəndələrinin də yaşaması üçün heç bir məhdudiyyət olmayacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün ermənilər açıq şəkildə sosial şəbəkələrdə yazırlar ki, onlar Sovet dövründə olduğu kimi, Dağlıq Qarabağda azərbaycanlılarla birgə yaşamaq, aclıqdan, səfalətdən, xunta rejiminin əsarətindən xilas olmaq istəyirlər: “Dağlıq Qarabağda yaşayan ermənilərin böyük əksəriyyəti qondarma rejimdə yaradılan xuntadan narazıdır, onlar özlərinin bu rejimdən xilasını Azərbaycan dövlətində görürlər. İnşallah, işğal altında olan torpaqlarımız tam azad olunduqdan sonra Dağlıq Qarabağdakı ermənilər təhlükəsiz və sərbəst şəkildə ölkəmizdə yaşaya bilərlər”.
Günel CƏLİLOVA