Ordumuzun cəbhədə qazandığı uğurlar artdıqca, Ermənistanın Baş naziri Nikol Paşinyanın ziddiyyətli fikirləri azalmaq bilmir. Əksinə, daha da artır. Bir-birilə ziddiyyət təşkil edən fikirlərlə çıxış edir. Çox vaxt heç özü də bilmir ki, nə danışır. Belə məlum olur ki, Paşinyan həqiqətən də başını itirib.
Məlum olduğu kimi, hərbi əməliyyatlar başlayandan Paşinyan bir sıra xarici telekanallara müsahibələr verir. Hər zaman olduğu kimi, verdiyi müsahibələrdə Azərbaycanın ünvanına böhtanlar səsləndirir, həqiqətə uyğun olmayan fikirlərlə çıxış edir. Bununla belə, bəzən elə ziddiyyətli və anlaşılmaz iddialarla çıxış edir ki, bunu heç cür anlamaq olmur. Bu baxımdan Paşinyanın “Əl-Cəzirə” kanalına verdiyi müsahibədə toxunduğu məqamlar diqqəti cəlb edir. Belə ki, Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, bizim Qarabağa münasibətimiz ərazi münasibəti deyil, insanlara olan münasibətdir. Maraqlıdır, onun bu fikri nə deməkdir? Əgər ermənilərə torpaq yox, oradakı insanların təhlükəsizliyi lazımdırsa, bunun müxtəlif həll yolları var. Məsələn, həll yolu olaraq sayı heç 100 min nəfər də olmayan Qarabağ ermənilərini Ermənistana apara bilərlər. Zatən, Ermənistanda əhalinin sayı artmır. Bu minvalla demoqrafik vəziyyəti qaydasına sala bilərlər. İkinci həll variantı onların təhlükəsizliyinə qarantiya verən Azərbaycanla razılaşmaqdan keçir. Bunu da Azərbaycan dəfələrlə bəyan edib. Yəni etnik ermənilərin Dağlıq Qarabağda təhlükəsiz yaşamaları ilə bağlı heç bir problem yoxdur. Azərbaycan qanunlarını qəbul edirlərsə, buyurub yaşaya bilərlər.
Belə görünür ki, Paşinyan çox ziddiyyətli danışmaqla yanaşı, həm də nə danışdığını bilməyən kimi görsənir. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?
“Tarixən məsələnin kökündə ermənilərin ərazi iddiaları dayanıb”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli buna fərqli prizmadan yanaşdı: “Deməzdim ki, Paşinyan nə danışdığını bilmir. O, sadəcə, erməni hiləgərliyinə xas olan tərzdə əsl niyyətini gizlətmək istəyir. Yəni ermənilərin məkrli niyyətini. Dünyaya göstərsinlər ki, guya münaqişə ermənilərin ərazi iddiaları ilə bağlı deyil. Hansı ki, tarixən məsələnin kökündə ermənilərin ərazi iddiaları dayanıb. Beləcə, onlar yoxdan Ermənistan yaradaraq torpaqlarımızı qamarlayıblar. Paşinyan hamıdan yaxşı bilir ki, sovet dönəmində ermənilər Azərbaycanda ən yüksək səviyyədə təmin olunublar. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan yüksək yaşayış səviyyəsi, təminat Azərbaycanın heç bir bölgəsində olmayıb. Ermənilər Bakıda, Sumqayıtda və digər şəhərlərdə yaşayırdılar. Paşinyan, sadəcə, bu cür ziddiyyətli açıqlamalar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq istəyir. Guya Qarabağ ermənilərinin həyatı onun üçün önəmlidir, ərazilər yox”.
Şərqşünasın fikrincə, bütün bunlar erməni hiyləsinin tərkib hissəsidir.
Vidadi ORDAHALLI