Paşinyan “Əl-Cəzirə” kanalına müsahibəsində bildirib ki, “Qarabağ Ermənistan ərazisi deyil”. Müxbirin tutarlı sualları qarşısında aciz duruma düşən Paşinyan, nəhayət ki, “Qarabağ Ermənistandır, nöqtə” fikrinin tam əksini söyləyərək, Qarabağın Ermənistan ərazisi olmadığını etiraf edib. “Əl-Cəzirə” müxbirinin "Qarabağı niyə tanımırsınız" sualına isə o, birbaşa cavab verə bilməyib. Sadəcə, "başqaları tanısın, sonra biz tanlyarıq" deyib.
Halbuki, bir həftə əvvəl Azərbaycan Prezidenti ona tam açıq mətnlə "qorxmursunuzsa Qarabağı tanıyın" deyə mesaj vermişdi. Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın yeni şantaj üsullarından danışdı. Bildirdi ki, onlar özləri Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda, istəyirlər ki, başqa ölkələr bunu etsinlər: “Vəziyyət kəskinləşəcəyi halda onların Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqları barədə daimi şantaj və hədələri yenə də küy-kələk oldu. Hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar”.
Paşinyan Dağlıq Qarabağın müstəqilliyini tanımağa niyə cəsarət etmir?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı maraqlı faktlar səsləndirdi. Onun sözlərinə görə, hazırkı mərhələdə bunu etmək Paşinyana nəsə verən deyil: “Dərk edir ki, vəziyyəti bu həddə onun sərsəm açıqlama və davranışları gətirib çıxardı. Paşinyan Qarabağı tanıyacaqları ilə bağlı blef edirdi. Bununla şantaj edib, Azərbaycandan daha çox imtiyaz əldə etmək istəyirdi. Bunu qabaq etsəydi, Azərbaycanın əlinə hərbi əməliyyatlara başlamaq üçün şans keçərdi. Vəziyyətin gərginləşəcəyi onları bu addımdan çəkindirirdi. Azərbaycan artıq öz müharibəsini başlayıb. Bütün beynəlxalq hüquqlara istinad edərək, biz ərazimizi uğurla işğalçılardan təmizləyirik. Bundan sonra bizim üçün Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınmasının heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən də, Azərbaycan Prezidenti açıq şəkildə “buyursunlar, tanısınlar” mesajını verir. Azərbaycan artıq situasiyanı dəyişib. Həm ətraf rayonlar, həm də Dağlıq Qarabağın daxilində xeyli ərazini nəzarətə götürüb. Yaranmış situasiyada Ermənistan belə bir addım atarsa, bu, daha bir sərsəm addım kimi dəyərləndirilər və Paşinyanın “başında çatlayar”. Dünyada heç bir normal ölkə bu addımı atmayacaq ki, Paşinyan ondan sonra dediyini etsin. Bunu bildiyi üçün elə açıqlama verir. Çünki İlham Əliyev birmənalı şəkildə deyib ki, bunu edəcək ölkə ilə bütün diplomatik münasibətləri kəsəcəyik. Heç bir ölkə buna gedən deyil. Artıq Azərbaycan ortaya gücünü qoyaraq reallıqları dəyişib. Hətta özünə havadar saydığı ölkələr belə, indi Ermənistana birtərəfli dəstək vermir. Rusiya, İran kimi ölkələr faktiki olaraq neytrallıq nümayiş etdirirlər. Belə olan təqdirdə kim gedib hansısa qondarma qurumun müstəqilliyini tanıyacaq? Azərbaycan ərazi bütövlüyünü tam təmin etmək üzrədir. Bu əməliyyat başa çatandan sonra, Ermənistan istəyir 10 dəfə Qarabağın müstəqilliyini tanısın. Artıq Paşinyan anlayır ki, belə şantaj vasitələri keçərli deyil”.
Müsahibimiz sonda onu da bildirdi ki, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayıb və ola da bilməz.
Məhəmmədəli QƏRİBLİ