Ermənistanın Baş naziri Nikol Paşinyan öz yalan açıqlamaları, saxta fikirləri ilə beynəlxalq aləmi çaşdırmağa çalışsa da, artıq onun yalanları işə yaramır. Son zamanlar verdiyi müsahibələrdə özünü dəfələrlə işfa edən Paşinyan “Əl-Cəzirə” kanalına müsahibəsində də yalan danışmağa cəhd göstərib, lakin erməni Baş nazirin yalanının üstü elə efirdəcə müxbir tərəfindən açılıb. Paşinyan bu dəfə də gülünc vəziyyətə düşüb.
Paşinyan çoxmilyonluq ərəb auditoriyasına ağlına gələn yalanları ixrac edərkən iddia edib ki, guya
Qarabağda minillər boyu ermənilər yaşıyıblar. İddia edib ki, burada V əsrə aid erməni mədəniyyət izləri var (?). Paşinyan hakimiyyətə gəldiyi gündən yalan danışmaqla, tarixi saxtalaşdırmaqla məşğul olur, bütün müsahibə və çıxışlarını yalan üzərində qurur. Ermənilərin Qarabağ torpağına köçürülməsi tarixi elə də uzaqda deyil. Bu baxımdan, minillər boyu ermənilərin Dağlıq Qarabağda yaşaması uydurmadan başqa bir şey deyil. Ermənilər bu torpaqlarda 1500 il deyil, cəmi 2 əsrdir yaşayırlar.
“XIX əsrin ilk onilliklərində Rusiya hakimiyyəti nümayəndələri tərəfindən ermənilərin kütləvi yerləşdirilməsi nəticəsində...”
Tanınmış Qarabağşünas tarixçi-alim, tarix elmləri doktoru, professor Qabil Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın təkrar etdiyi bu iddianın heç bir tarixi əsası yoxdur. Q.Əliyevin sözlərinə görə, ermənilərin minillər boyu Dağlıq Qarabağda yaşaması, burada hansısa mədəniyyət yaratması erməni uydurmasından başqa bir şey deyil. Müsahibimiz vurğuladı ki, ermənilərin Dağlıq Qarabağa köçürülməsini təsdiqləyən saysız sənəd, mənbə var. “Ermənilər Qarabağın yerli əhalisi deyil, gəlmədirlər. Ermənilər nəinki Qarabağa, ümumiyyətlə, Azərbaycana, Cənubi Qafqaza çox sonralar köçürülüblər. Onların yeni eradan əvvəl, VII-VI əsrlərdən etibarən Van gölündən qərbə, Fərat çayının yuxarı axarı boyuna köçmələri və davamlı o bölgədə yaşamaları antik mənbələrdə əks olunub. İrəvan, Naxçıvan və Qarabağ bölgələrində isə çox qədim zamanlardan türk tayfaları yaşamaqda idilər. Yeni eranın ilk əsrlərində Qafqazda xristian dini yayılmağa başladığı zaman Qarabağda da ilk xristian abidələri yarandı. Yerli türk tayfalarına məxsus bu abidələri ermənilər XIX əsrin 20-30-cu illərində bu regiona kütləvi şəkildə köçürüldükdən sonra öz adlarına çıxmağa başladılar. Gəlmə yox, yerli olduqlarını, qədim zamanlardan bu regionda yaşadıqlarını sübut etmək üçün həmin abidələrin üzərindəki yazıları, ornamentləri silib, ermənicə yazılar olan daş lövhələr yerləşdirdilər. 1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra İran Qacarlar dövlətindən və Osmanlı imperiyasından erməni əhalisinin Azərbaycanın Rusiya tərəfindən yeni işğal edilmiş şimal bölgələrinə, xüsusən imperiyanın sərhədboyu ərazilərinə - İrəvan, Naxçıvan və Qarabağa kütləvi köçürülməsinə başlandı. İlk növbədə, o zaman İranda olan erməni əsilli rus ordusunun polkovniki L.Lazarevin canfəşanlığı ilə Təbriz, Marağa, Urmiya, Xoy və Səlmasdan 1 min erməni ailəsi (hər ailənin 5 nəfər hesab edildiyini nəzərə alsaq, 5 min nəfər) həmin il Qarabağa köçürüldü. Onlardan 750 ailə Bərdə ətrafında yerləşdirildi. Polkovnik L.Lazarev Qafqazdakı rus ordusunun baş komandanı general İ.Paskeviçə raportunda qeyd edird ki, Qarabağda ərzaq boldur və daha 3 min erməni ailəsini burada yerləşdirmək mümkündür. Bütövlükdə, 1828-1829-cu illərdə İrandan Şimali Azərbaycana 6976 erməni ailəsi köçürüldü ki, onlardan 2557 ailə Naxçıvan, 1395 ailə İrəvan, 3 mindən çox ailə (15 min nəfər) də Qarabağ əyalətində yerləşdirildi. Qarabağa Marağadan köçürülən ermənilər yaratdıqları kəndi Marquşevan (Marağalı - Q.Ə.) adlandırmışdılar. Onlar 1978-ci ildə buraya köçmələrinin 150 illiyi şərəfinə abidə ucaltmışdılar. XIX əsrin 80-ci illərində Cavanşir qəzasında (indiki Tərtər, Kəlbəcər, Ağdərə bölgələri - Q.Ə.) dövlət kəndlilərinin iqtisadi həyatını araşdırmış A.Xan-Aqov qeyd etmişdi ki, XIX əsrin 20-ci illərində İrandan köçürülən ermənilər bu qəzada Marağalıdan başqa Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı kəndlərinin də əsasını qoymuşlar. 1829-cu il Ədirnə sülh müqaviləsi bağlandıqdan sonra Osmanlı imperiyasının Şərq vilayətlərindən Şimali Azərbaycana 14044 erməni ailəsi köçürüldü. Onların da bir hissəsi yenə də Qarabağ əyalətində yerləşdirildi.
Beləliklə, XIX əsrin ilk onilliklərində Rusiya hakimiyyəti nümayəndələri tərəfindən ermənilərin kütləvi yerləşdirilməsi nəticəsində Qarabağ əyalətində əhalinin etnik tərkibində ciddi dəyişikliklər baş verdi” - deyə bildirən Q.Əliyevin sözlərinə görə, Paşinyanın iddiası kökündən yanlışdır. “Dağlıq Qarabağda ermənilər tarixən yaşamayıblar. Qeyd etdiyim kimi, ermənilər Türkiyə və İran ərazisindən Azərbaycan torpaqlarına köçürülüblər. Ermənilərin bizim torpaqlara köçürülüb məskunlaşdırılması 200 il bundan əvvəl baş verib. Bu təkzibolunmaz faktdır. Paşinyan və onun kimilər bu faktla razılaşmaq əvəzinə, durub hər yerdə yalan danışırlar. Paşinyan tərəfindən ermənilərin “minillər boyu” Dağlıq Qarabağda yaşaması, burada onların “mədəniyyətinin izləri”nin olmasının iddia edilməsi heç bir tarixi faktı, həqiqəti əks etdirmir. Paşinyan yalan danışır və öz yalanlarına dünyanı inandırmaq istəyir. Ümumiyyətlə, ermənilərin bizim torpaqlarda heç bir mədəniyyəti olmayıb. Onlar Qafqaz Albaniyasının tarixini mənimsəmək istəyirlər, Qarabağdakı alban mədəniyyətini öz adlarına çıxırlar” - deyə Q.Əliyev vurğuladı.
İradə SARIYEVA