Ermənistan tərəfdən cəbhədə muzdluların döyüşməsi faktları hər kəsə məlumdur. Artıq açıq mənbələrdə Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq fakt və məlumatlara rast gəlinir. Dünyanın bir neçə nüfuzlu media qurumu və jurnalistləri bu barədə konkret faktlar ortaya qoyublar.
Bu sırada “Reuters” agentliyinin yaydığı bir reportajda da Livanın erməni əsilli vətəndaşlarının necə Ermənistana yollanmasından, düşərgələrdə hərbi təlimlər keçməsindən bəhs olunur. Reportajda Vartkes adlı Livan vətəndaşı barədə də qeyd olunub. Bildirilib ki, Livandakı maliyyə böhranı Vartkesi bu yay Ermənistana getməyə məcbur edəndə, o heç Dağlıq Qarabağda döyüşmək üçün könüllü olacağını ağlına gətirmirdi.
Yazıdan məlum olur ki, əslində Livandakı ağır iqtisadi vəziyyətə görə Ermənistana üz tutanlar sonradan döyüşlərə cəlb olunub. Haqqında danışılan döyüş təlimatçısı bu vaxta kimi 10 müxtəlif hərbi düşərgədə təlimlər keçdiyini bildirir. Reportajda Gevork Hacyan adlı Livan vətəndaşının anası bildirir ki, oğlunun Qarabağda döyüşdüyünü və öldüyünü qardaşı ona deyəndə bilib, bu vaxta kimi onun döyüşlərdə olduğunu bilmirmiş: “Oğlumun Qarabağda döyüşdüyünü ölüm xəbərini alanda bildim”.
Rusiyalı blogger Kirill Krivoşeyev isə özünün “Dezertir s infovoynı” kanalında bildirir ki, ermənilər tərəfindən ayda 1500 dollar müqabilində döyüşmək istəyən Rusiya vətəndaşlarına da rast gəlib. Rusiyalı jurnalistin bu reportajı həmin ölkənin nüfuzlu media qurumları tərəfindən də işıqlandırılıb.
Bir qədər əvvəl isə Fransanın “Liberation” qəzeti də bu mövzuya toxunub. Məlumatda deyilir ki, erməni terrorçu, ASALA-nın 64 yaşlı üzvü, Fransa vətəndaşı Hilbert Minasyan döyüşmək üçün Qarabağa gəlib. Terrorçu Minasyan özü ilə birgə bir neçə erməni əsilli terrorçunu da Qarabağa gətirib.
Maraqlıdır ki, belə faktlar ola-ola, məhz ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya və Fransanın rəsmiləri tərəfindən bizim ünvanımıza güya ordumuzda muzdluların döyüşdyü ilə bağlı ittiham səsləndirilidi. Ancaq Prezident İlham Əliyevin də tələbindən sonra onlar ortaya ciddi dəlil qoya bilmədilər. Xüsusilə də Rusiyadan olan muzdlularla bağlı faktın məhz rusiyalı jurnalistlər tərəfindən təqdim edilməsi rəsmi Moskvanın araşdırma aparması üçün ilkin dəlillər sayıla bilərmi?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açqılamasında bildirdi ki, müharibə qanla-qada ilə müşahidə olunur: “Bununla yanaşı, informasiya cəbhəsində də çox güclü müharibə gedir. Azərbaycan çox təmiz işləyir. Bütün istiqamətlər üzrə işini çox mükəmməl qurub. Bütün dünya yaxşı bilir ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bizim əhalimizin sayı da yetərlidir ki, xaricdən hər hansı kömək istəmədən ermənilərlə vuruşaq. Ermənistanda isə belə deyil. Onların əhali sayı çox azdır. İkincisi, hazırlıqları çox zəifdir. Üçüncüsü isə, onlar vuruşmağa o qədər də həvəsli deyillər. Döyüşə könüllü getmək istəmirlər. Çox həvəssizdirlər. Gedənlər də qaçır, fərarilik edir. Bu səbəbdən də Ermənistanın muzdlu döyüşçülərə ehtiyacı var. Bütün bunlarla bağlı Fransanın da, Rusiyanın da məlumatı yetərincədir. Onlar konkret bilirlər ki, Azərbaycan yox, Ermənistan ehtiyacı olduğu üçün muzdlulardan istifadə edir. Artıq Qərb mətubatı ilə yanaşı Rusiya KİV-ləri də bunu yazmağa başlayıb. Ermənilərin özləri də açıqlamalar verirlər ki, Fransa və başqa ölkələrdən gəlib Qarabağda vuruşurlar. Təəssüflər olsun ki, bu böhtanı bizə yönəltməyə çalışırlar. Ancaq bugünə kimi ortaya bizim muzdlulardan istifadə etdiyimizə dair heç bir fakt ortaya qoya bilməyiblər. Yalnız Paşinyan deyir ki, güya onlara qarşı Türkiyə vuruşur. Amma cəbhə xəttində bir nəfər də olsun türkiyə vətəndaşı yoxdur. Bəzi ölkələr də ona qoşulub iddia edirlər ki, güya bizdə Suriyadan gətirilən muzdlular var. Ortada yalnız Ermənistanın film çəkilişinə bənzər quraşdırılmış səhnələri var. Hətta nüfuzlu media qurumları da bu məlumatları təsdiqləmir. Biz işimizi belə davam etdirə bilsək, bütün dünya doğrunu görəcək. Kimlərsə inanmaq istəməyəcəksə, bundan narahat olmağa da dəyməz”.
Müsahibimizin sözlərinə görə, Rusiya ilə bağlı təqdim olunan ciddi dəlillər mütləq mənada həmin ölkənin rəsmi qurumları tərəfindən araşdırılmalıdır.
Məhəmmədəli QƏRİBLİ