Döyüş meydanında uduzan Ermənistan öz faşist simasını göstərməyə davam edir. Həmsədr ölkələrin təşəbbüsü ilə əldə olunan hər atəşkəs sonrası Azərbaycanın dinc şəhərlərini raketlərlə hədəfə alan Ermənistanın məqsədi həm üçüncü ölkələri münaqişəyə cəlb etmək, həm də Azərbaycan əhalisi arasında qorxu-təşviş yaratmaq idi.
Onların bu planı tam iflasa uğradı. Hətta intensiv raket atəşlərinə məruz qalan şəhərlərdən belə əhalinin kütləvi köç etməsi müşahidə olunmadı. İndi də Ermənistan ordusu faşistlərə xas olan başqa bir metodları tətbiq edir. Geri çəkildiyi yerləri tamamilə yandırır və ya partladır.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də açıqlamasında bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir.
O bildirib ki, Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır:
“Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyildir.
Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi”.
İkinci Dünya müharibəsinin gedişində Hitlerin geri çəkilərkən Polşada Krakov kimi tamamilə batırdığı şəhərlər olub. Ermənistanın nümayiş etdirdiyi bu faşist taktikasını hərbi nöqteyi-nəzərdən necə izah etmək olar?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan müharibəni də fərqli taktika ilə aparır: “Dünyada baş verən müharibələrin bir çoxunda qoşunlar geri çəkilərkən nələrsə edirlər. Ancaq Ermənistan tam faşist taktikası ilə davranır. Bura onların dinc əhaliyə atdığı raketləri misal çəkə bilərik. Bununla Ermənistan, eynilə alman faşistləri kimi, ordunun arxa cəbhəsini vahimə içində saxlamağı planlayırdı. Almanlar da SSRİ-yə ilk hücumda ön cəbhədə olan bütün iri şəhərləri aviasiya zərbəsinə məruz qoymuşdu. Faşistlər geri çəkiləndə Kiyevi, Minski bombaladılar, Polşanın iri şəhərlərini darmadağın edib ordan çıxdılar. Eyni prosesi indi ermənilər edir. Onlar geri çəkildikcə strateji əhəmiyyətli obyektləri tam dağıtmağa çalışır. Bəzi hallarda Azərbaycan ordusunun sürətli hücumları bunun qarşısını ala bilir. Hazırda Dağlıq Qarabağın mərkəzi hissəsində gedən əməliyyatlarda Ermənistan Azərbaycan Ordusunun hücumunun qarşısını almaq üçün meşə zolağını yandırır. Bununla da ərazini ekoloji fəlakət halına gətirir. Hətta bəzi yaşayış məntəqələrindəki yol infrastrukturunu, binaları partladır ki, bizim üçün problemlər yarada bilsin. Bütün bunlar onların zəif psixoloji durumundan irəli gəlir. Döyüş meydanında ciddi uğur qazana bilməyən ordunun atacağı addımlar yalnız və yalnız belə ola bilər. Bu, həm də bir mənəvi narahatlıqla bağlıdır. Çünki onlar elə düşünür ki, Azərbaycan Ordusu həmin ərazilərdə möhkəmlənəndən sonra orda dəyişikliyə nail ola bilməyəcək. Etiraf etməliyik ki, Ermənistan ordusu əsas gücünü itirib. Dərinlikdə müdafiənin qurulması üçün hər hansı ciddi imkanları da qalmayıb. Ermənistan ordusunun ümumi sayı 60 min olsa da, mənim hesablamalarıma görə, onlar 20 min canlı qüvvə itirib. Bunların bir hissəsi məhv edilib, digərləri isə yaralılardır. Onların atdığı faşistsayağı addımlar nə döyüşçü şərəfinə sığır, nə də insanlığa”.
Müsahibizmizin sözlərinə görə, Azərbaycanın əlaqədar qurumları, hətta yenicə işğaldan azad edilən ərazilərdə bütün infrastrukturu təmin edir: “Yol çəkir, mobil antenalar quraşdırır, bəzi rayonlar hətta elektrik enerisi ilə də təmin edilib”.
Məhəmmədəli QƏRİBLİ