Ermənistanın Azərbaycana qarşı apardığı müharibə işğalçı ölkədə vəziyyəti kritik həddə çatdırıb. Belə ki, Ermənistanın döyüş meydanında məğlub duruma düşməsi onun gündəlik həyatında da özünü açıq büruzə verir.
Bəzi məlumatlara görə, bu gün Ermənistan ordusundakı itkilərin sayı 5 mini keçib. Yaralıların sayı isə on min nəfərdən də çoxdur. Yaralıların yerləşdirilməsi üçün Ermənistandakı hospitallarda yer qalmayıb. Hər gün ölkənin müxtəlif xəstəxanalarına yaralıların daşınması davam edir.
O da bəllidir ki, Ermənistanda yoxsulluq həddi hazırda 50 faizi ötüb. İşğalçı ölkədə ərzaq məhsullarının və digər sahələrdə qiymətlərin durmadan artması da əhalinin yaşayış səviyyəsinin pisləşməsinə səbəb olub. Elə bu da Ermənistanda sosial partlayışa təkan verən amillərdən biri sayıla bilər. Bu yerdə bir faktı da qeyd etmək yerinə düşərdi. Bu gün işğalçı Ermənistanda həm müharibə, həm də pandemiya fonunda iqtisadi tənəzzül daha da dərinləşib. Mütəxəssislərin verdikləri məlumata görə, Nikol Paşinyanın avantürist siyasəti nəticəsində işğalçı ölkənin xarici borcu artıq 8 milyard dolları ötüb. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz.
Ermənistan maliyyə naziri Atom Cancuqazyan mediaya açıqlamasında deyib ki, Ermənistanın ümumdaxili məhsulu cari ildə 6,8% azalacaq. Nazir cari ildə Ermənistanın dövlət borcunun ÜDM-ə nisbətinin 65% olacağını (təxminən 8,3 milyard dollar – red.) bildirib.
Nazir ölkə iqtisadiyyatına koronavirusun böyük ziyan vurduğunu və indi buna savaşın da əlavə edildiyini də dilə gətirib.
Ermənistanın dövlət borcunun 8 milyardı ötməsi bu ölkənin iflasını sürətləndirir.
“Ermənistanda iqtisadi və siyasi vəziyyət tənəzzül dövrünü yaşayır”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, son bir neçə ildir borc içində üzən Ermənistanda iqtisadi və siyasi vəziyyət tənəzzül dövrünü yaşayır. Onun sözlərinə görə, ölkənin xarici borcu rezerv ehtiyatlarını da xeyli aşıb: “Məlumdur ki, Ermənistan uzunmüddətli müharibə aparmaq imkanlarına malik deyil. İqtisadi gerilik və borclanma müharibə şəraitində olan ölkənin imkanlarını tam iflic edir. Bütün makroiqtisadi göstəricilərdə regionun ən zəif ölkəsi olan Ermənistan mövcud kiçik iqtisadi potensialı ilə uzunmüddətli müharibə apara bilməz. Bu isə o deməkdir ki, şanlı ordumuz işğal altında olan torpaqlarımızı azad edəndən sonra Ermənistanda resessiya daha da güclənəcək”.
Günel CƏLİLOVA