Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir. Hər gün işğaldan azad edilmiş ünvanların sırasına yeniləri əlavə olunur. Hər ötən gün tariximizə qələbə günü kimi həkk edilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuz torpaqlarımızın işğaldan tam azad olunmasının elan ediləcəyi tarixi sürətlə yaxınlaşdırır.
Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı işğaldan azadetmə əməliyyatları hegemon dövlətlərin də diqqətini çəkib. Belə ki, ABŞ rəhbərliyi ordumuzun apardığı döyüşləri diqqətlə izləyir, Ermənistanın müdafiə qüvvələrinin necə darmadağın edilməsinin şahidi olur. Bunun nəticəsidir ki, amerikalı yüksəkçinli hərbçilər Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra hərbi doktrinaya yenidən baxılacağını bəyan edirlər.
Dünyada müharibə tarixində yeni yol və uğur formulu ortaya qoyan Azərbaycan Ordusu az itki verməklə düşmənə milyardlarla dollar dəyərində ziyan vurur, onun minlərlə hərbçisini məhv edir, işğal edilmiş əraziləri geri alır. Bütün bunlar Azərbaycanın uzun illər hərbçilərinə keçdiyi yüksək hazırlıq, aldığı müasir silahlar və siyasi iradəsi sayəsində baş tutur.
Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır.
Qeyd edək ki, bir neçə ay öncə rusiyalı jurnalist və hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko xarici mediaya açıqlamasında son illər Azərbaycan Ordusunun döyüş potensialını xeyli gücləndirdiyini və arsenalını ən yeni silah növləri ilə zənginləşdirdiyini, hazırda isə Azərbaycan Ordusunun postsovet məkanında ən yaxşılardan biri olduğunu etiraf etmişdi.
“Vətən savaşından sonra Azərbaycan Ordusunun reytinqi daha da yüksələcək”
Millət vəkili Musa Quliyev bildirdi ki, ordu quruculuğu sahəsində əldə edilən uğurların sayı sonsuzdur: “Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan Ordusu müasir, güclü bir orduya çevrilib. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına yüksəlib. Vətən savaşından sonra Azərbaycan Ordusunun reytinqi daha da yüksələcək. Azərbaycanın qüdrətli dövlət olması ölkə Prezidentinin idarəçilik məharəti və böyük diplomatik bacarığı ilə səciyyələnib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda müasir, modern dövlət quruculuğunda mühüm uğurlar əldə edilib: “İqtisadiyyatımız sürətlə inkişaf etdi. Pandemiya olmasına baxmayaraq, Azərbaycanda ümumdaxili məhsulun artım sürəti normal səviyyədədir”.
Günel CƏLİLOVA