Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan və ABŞ Dövlət katibinin köməkçisi Filip Riker arasında telefon danışığı olub. Ermənistan mediasının verdiyi məlumata görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini müzakirə edib.
Onlar, həmçinin, ikitərəfli əlaqələr, COVID-19-a qarşı mübarizə və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Söhbət zamanı bildirilib ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi Ermənistanın adını risqdli ölkələr siyahısından çıxarıb. Ermənistan XİN rəhbəri bildirib ki, ölkəsi Yaxın Şərq regionunda milli və dini azlıqlara məxsus tarixi mədəniyyət nümunələrinin qorunub saxlanması istiqamətində ciddi layihələr həyata keçirir.
Əvvəla, Ermənistan kimi təhlükə mənbəyi olan ölkənin adını risqli dövlətlər siyahısından çıxarmaq böyük yanlışlıqdır. İkinci bir tərəfdən, Ermənistanın Yaxın Şərqdə milli azlıqların hüquqlarını “qoruması” nə dərəcədə inandırıcı görünə bilər?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistana ABŞ-ın belə bir jesti etməsi qəbuledilən deyil:“Bu ölkənin adının risqli dövlətlər siyahısından çıxarılması heç bir məntiqə sığmır. Bu illər ərzində nə baş verdi ki, ABŞ-ın sözügedən qurumu belə qənaətə gəlmiş oldu? Əksinə, Ermənistanın adını daha böyük risq törədən ölkələr sırasına əlavə etmək lazım idi. Çünki həmin ölkə Azərbaycan torpaqlarının işğalını davam etdirir. Pandemiya ilə bağlı irəli sürülən bəşəri əhəmiyyətli təşəbbüslərə qarşı çıxır. Belə ölkəni necə təhlükəsiz saymaq olar? Ermənistanın hansısa regionda milli və dini azlıqların hüquqlarını, mədəni irsini qoruması absurd görünür. Bu, ağ yalandır. Faktiki olaraq, dünyada monoetnik ölkə kimi tanınan Ermənistan necə başqalarının hüququnu qoruya bilər? Ermənistanda orta məktəb dərsliklərinə baxsanız, orada ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görəcəksiniz. Ermənistan dünyada yeganə monoetnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi şəkildə aparılıb. Belə ölkələrdə yalnız bir millətin nümayəndəsi olur, digər milli nümayəndələr ya olmur, ya da sayı nəzərə çarpmayacaq dərəcədə az olur. Digər monoetnik ölkələrdən fərqli olaraq, Ermənistanla bağlı bu xüsusiyyəti ermənilər süni olaraq yaradıblar. Dənizdən dənizə böyük Ermənistan yaratmaq xülyası ilə yaşayan ermənilər ağılasığmaz vəhşiliklərə əl atıblar. Ermənilərin məqsədyönlü monoetnik dövlət yaratmaqlarında əsas səbəb tarixi saxtalaşdırmaq və azərbaycanlılara məxsus nə varsa məhv edib, İrəvanı və Dağlıq Qarabağı erməni torpağı kimi təqdim edib beynəlxalq normaları pozaraq özününkiləşdirməkdir. Buna görə də, Ermənistanın milli, dini azlıqların hüququnu qoruması ilə bağlı səslənən fikirlərə yalnız gülmək olar”.
Ermənistan təbliğat maşınının növbəti ağ yalanı ifşa olundu. Maraqlıdır ki, ifşa olunsalar da, onlar yalanlarından əl çəkmirlər. Çünki tarixdə nə əldə ediblərsə, buna yalan və saxtakarlığın hesabına nail olublar.
Məhəmmədəli QƏRİBLİ