Ermənistanda Prezident Armen Sarkisyanın Konstitusiya dəyişikliklərini qəbul etməsi ətrafında müzakirələr səngimir.
Erməni mediası yazır ki, onun bu addımı Sarkisyanın xarici kəşfiyyat agenti olduğunu sübut edir: “Bu, Sarkisyanın xarici casus olduğunu bir daha sübut edir, baxmayaraq ki, onun kim üçün çalışdığı hələ bəlli deyil. Əvvəllər kifayət qədər geniş səlahiyyətlərdən şikayətlənən ölkə başçısının gecə yarısında qəflətən səlahiyyətlərini daha da azaldan bir sənəd imzalamasını başqa necə izah etmək olar? Çox güman ki, Nikol zəng edib deyib: Niyə yatırsan? Sizi gözləyirik, qalxın və imza atın. Və o, səlahiyyətlərini məhdudlaşdıraraq əmr imzalayıb. Və o, Paşinyandan qorxduğu üçün bu addımı atdı. Yəqin nəsə görüb və bilir. Buna görə Nikol Paşinyan istədiyi hər şeyi edir, Armen Sarkisyanı qulağından tutur və istədiyi kimi divara çırpır”.
Erməni mediası bütün bunları həm də onunla əlaqələndirir ki, Sarkisyan uzun illər xaricdə faliyyət göstərdiyi üçün harasa bağlıdır. Bunu Paşinyan da bildiyi üçün Sarkisyana istədiyi kimi təzyiq edə bilir. Sarkisyan da bu səbəbdən bir sıra məsələlərdə Paşinyana müqavimət göstərə bilmir və dərhal onunla hesablaşır.
Maraqlıdır, ekspertlər A. Sarkisyanın casus olması versiyasını necə dəyərləndirirlər?
“Daxili problemlər daha da inkişaf edəcək və bu, ölkədə siyasi qarşıdurmalara yol açacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistan Baş naziri Nikol Paşinyanın Konstitusiyada dəyişikliklərlə əlaqədar olaraq Prezident Armen Sarkisyana imza atdırmağı təəccüblü deyil. Çünki A.Sarkisyan da Paşinyanın su içdiyi bulaqdan su içir. Eks-prezident Serj Sarkisyan Armeni ona görə prezident kürsüsünə gətirmişdi ki, Qərblə əlaqələrini kurasiya etsin. Paşinyan da yaxşı bilir ki, A.Sarkisyan dişsiz biridir. Prezidentin artıq səlahiyyəti formal xarakter daşıyır və əsas hakimiyyət Paşinyanın əlində cəmləşib. Hesab edirəm ki, A.Sarkisyan Paşinyanın əleyhinə olarsa, bu onun bir neçə günə istefa verməsi ilə nəticələnər. Paşinyan hazırda Prezident Sarkisyandan razıdır. Çünki onun dediklərini sözsüz yerinə yetirir. Əlbəttə ki, A.Sarkisyanın Paşinyanın əleyhinə getməsi onun sonunu gətirə bilər. Hər ikisi xaricə bağlı olduğu üçün əsasən Prezident bu amilin onun əleyhinə işləyə biləcəyindən çəkinir. Hətta öz səlahiyyətlərini verməsində belə, problem görmür. Bu da Ermənistanın bir dövlət kimi zəifləməsinə gətirir. Hesab edirəm ki, daxili problemlər daha da inkişaf edəcək və bu, ölkədə siyasi qarşıdurmalara yol açacaq”.
Göründüyü kimi, Ermənistanda Prezident Armen Sarkisyan tamamilə marionet durumdadır. Lazım gəlsə, o ümumiyyətlə, bu postu tərk edə bilər.
Vidadi ORDAHALLI