Erməni mediası Paşinyanın daha bir yalanının üstünü açıb. Məlum olub ki, o fərarilik edərək orduya getməkdən yayınıb. Paşinyan deyib ki, iki qardaşı orduda xidmət edib, buna görə hərbi xidmətə çağırılmayıb.
Ermənistanın 168.am nəşri yazır ki, yumşaq desək, bu, tamamilə yalandır. Sözügedən nəşr bunu onunla əsaslandırır ki, 1992-ci ildə qəbul edilmiş “Hərbi vəzifə haqqında” Ermənistan Respublikasının ilk qanunu həqiqətən də xidmət etmiş iki qardaşın üçüncü qardaşının məcburi hərbi xidmətdən azad edilməsini nəzərdə tuturdu. Ancaq bu qanunverici müddəa 1994-cü ildə ləğv edildi və bundan sonra bütün “üçüncü” qardaşlar orduya çağırıldı: “Sevimli” Baş nazirimiz bu səbəbdən xidmətdən azad edildiyini qeyd edir, ancaq yalan danışır. 1991-1995-ci illərdə İrəvan Dövlət Universitetində təhsil almış və təxirəsalınma qanuni hüququndan istifadə etmişdir. 1995-ci ilin payızında universitetdən qovulduqda artıq “üçüncü qardaş” yox idi, 20 yaşı var idi və məcburi xidmətə getməli idi. Sual: Niyə çağırılmadı, amma bu gün müharibə şəraitində o, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş komandanıdır. Niyə hamı susur? ”.
Göründüyü kimi, ard-arda erməni mediası Paşinyanın yalanlarını ortaya çıxarır. Məlum olur ki, onun ordudan yayınmasının kökündə səsləndirdiyi arqumentlər yox, fərarilik dayanır.
“Məlum faktın ortaya çıxması erməni cəmiyyətində Paşinyanın reytinqini daha da aşağı salacaq”
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Paşinyanın fərarilik etməsi ilə bağlı faktın ortaya çıxması ciddi məqamdır: “Paşinyanın ordudan yayınması onun bioqrafiyasında mənfi iz buraxır. Nəzərə almaq lazımdır ki, bir sıra ölkələrdə, o cümlədən, Qafqazda hərbi xidmətdə olmayanlara, xidmətdən yayınanlara ciddi yanaşmırlar. Belələrinə münasibətdə problemlər olur və s. Paşinyan fərarilik etdiyinə görə onun hərbdən, müharibədən danışmağa haqqı yoxdur. Onun siyasi fiqur olaraq hərbi ritorikadan çıxış etməsi gülüncdür. O təkcə siyasi çıxışlarında deyil, hərbi mövzularda da diletantlığa yol verir. Belə ki, onun çıxışları kifayət qədər mübahisəli məqamlar yaradır. Bu, erməni cəmiyyətində və digər ölkələrdə birmənalı qarşılanmır. Ümumiyyətlə, Ermənistanda orduya çağırış məsələsində çox ciddi problemlər yaşanır. Dinc əhalini Qarabağa heç nə bağlamır. Onlar övladlarını Qarabağa göndərmək istəmirlər. Onlar buna artıq yük kimi baxırlar. Orduya çağırış inzibati metodlarla həyata keçirilir. Paşinyan orduda xidmət etməyə-etməyə bəzən utanmadan hərbi əməliyyatlardan danışır. Bütün hallarda, hesab edirəm ki, məlum faktın ortaya çıxması erməni cəmiyyətində Paşinyanın reytinqini daha da aşağı salacaq”.
Nəzərə alsaq ki, Ermənistanda siyasi vəziyyət gərgindir, o zaman indiki məqamda bunun Paşinyan üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil.
Vidadi ORDAHALLI