Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ölkə daxilində insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atır. Koronavirusa qalib gəlmək üçün ölkəmizdə atılan addımlar xarici ölkələr, o cümlədən, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Hətta bir sıra ölkələr Azərbaycan təcrübəsindən yararlanır və yararlanmaq istəyirlər.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib ki, Azərbaycan bu məsələdə digər ölkələrlə fikir mübadiləsi aparır. Hətta Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlət var.
Qeyd etdiyimiz kimi, tətbiq edilən karantin rejimi ilə bağlı xarici ölkələr Azərbaycan təcrübəsindən yararlanmaq istəyirlər.
Bildirək ki, xaricdən gətirilən vətəndaşlarla bağlı Azərbaycan təcrübəsi də dünya üçün nümunədir. Dünyanın heç bir ölkəsi xaricdən gələn vətəndaşlarını dövlət hesabına karantində saxlamır. Onlar ev şəraitində karantində saxlanır. Amma Azərbaycanda xaricdən gətirilən vətəndaşlar dövlət hesabına müasir standartlara cavab verən otellərdə 7-14 gün karantində saxlanır.
Digər tərəfdən, bizdə bu xəstələrin müalicə olunması üçün kifayət qədər dərman preparatı xarici ölkələrdən gətirilib. Onların bəziləri Çində, bəziləri Avropa ölkələrində istifadə olunan dərman preparatlarıdır. Ölkəmizdə koronavirus xəstələrinin dərmanla təmin olunmasında heç bir problem yoxdur. Laboratoriyalara gəlincə, ilk günlərdən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə ölkəmizdə olan laboratoriyalar modernizə olundu. İlk vaxtlarda testləşdirmə imkanımız yüksək deyildi. Amma bu gün ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən laboratoriyaların sayı 20-dən çoxdur. Bu laboratoriyalarda bir gün ərzində 5000-7000 test aparılır. Bu, əhalinin sayı ilə müqayisədə dünyada yüksək göstəricidir.
Onu da qeyd edək ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təcrübəsi dünyada yüksək qiymətləndirilir. Bu faktı Ümumdünya Səhiyyə Təşklatının və digər beynəlxalq təşkilatların məlumatlarında görmək mümkündür. Həqiqətən də Azərbaycan beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə böyük töhfələr verir. Bilirsiniz ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu məsələ ilə bağlı Türk Şurasının və Qoşulmama Hərəkatının onlayn formada Zirvə görüşləri keçirilib. Həmin Zirvə görüşlərində möhtərəm Prezidentimiz koronavirus pandemiyası ilə mübarizə məqsədilə dəyərli təkliflər verib. Bütün dünya Prezidentimizin bu təşəbbüsünü çox yüksək qiymətləndirib.
Həmçinin, Azərbaycan pandemiya ilə mübarizə üçün 30-a yaxın ölkəyə yardım edib. Hansı ki, həmin ölkələrin bu yardıma çox ehtiyacı var. Eləcə də ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına ianə köçürülüb.
Günel CƏLİLOVA